190 yaşlı müasir məktəb
İllər öncə Respublika Təhsil Şurasının
"Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsi çərçivəsində
olmuşdum Şəki şəhər 5 nömrəli tam orta məktəbdə. O zaman bu qocaman məktəbin
iki qabaqcıl müəlliminin iş təcrübəsini öyrənib "Təhsil və zaman” qəzetində məqalə
ilə çıxış etmişdim. 5 nömrəli tam orta məktəblə,
onun pedaqoji kollektivi ilə tanışlıq bu təhsil ocağını yaddaşıma ən yaxşı müəllimlərin
məktəbi kimi yazmışdı. Tale elə gətirdi ki, məktəbə növbəti səfərim də
Respublika Təhsil Şurasının xətti ilə reallaşdı. Respublika Təhsil Şurasının sədri
Samir Mehdizadə, Şuranın sədr müavini Cəfər Bağırovla birlikdə məktəbə gəlişimizin
məqsədi tarixə Nuxa qəza məktəbi kimi düşmüş 190 yaşlı təhsil ocağı ilə
yaxından tanış olmaq, eləcə də Təhsil Şurasının Şəki filialının yaradılması
idi. Məktəbdəki görüşdə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova,
məktəbin direktoru Filyar İbrahimova, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Şəki flialının direktor müavini, pedaqogika üzrə fəlsəfə
doktoru, dosent Nuralı Çələbiyev, Şəki ŞTŞ-nin metodisti Məmməd Qədirov,
Respublika Təhsil Şurasının üzvü Rəşad Rəşidov iştirak edirdilər. Şəki təhsilinin
tarixi haqqında müfəssəl məlumata malik olan həmsöhbətlərimiz maraqlı mülahizələri
ilə məktəbin tarixinə işıq saldılar, onun hazırkı inkişaf mərhələsinin əsas
istiqamətlərini, səbəblərini açıqladılar...
Nuxa qəza məktəbindən
5 nömrəli tam orta məktəbə
Şəki şəhər 5 nömrəli
tam orta məktəbin əsası 1831-ci ildə, qeyd etdiyim kimi, Nuxa qəza məktəbi
olaraq qoyulub. Bu məktəb Azərbaycanda dünyəvi məktəblərin ilk qaranquşlarından
biri olmaqla, ölkəmizdə təhsilin inkişafında müstəsna xidmətlər göstərib.
Burada təlim-tərbiyə sistemi hər zaman müasir səciyyə daşıyıb, təlimdə mütərəqqi
metodlar, yanaşmalar tətbiq olunub. Professor Hüseyn Əhmədov və Sabir Əfəndiyev
"150 yaşlı Şəki məktəbi” adlı kitabda yazırlar: "1868-ci ildə Nuxa qəza məktəbində
olmuş dairə inspektoru yazırdı: Məktəbdə təlim ümumiyyətlə yaxşı gedir. Lakin mənim
fikrimcə hazırlıq sinfi daha çox tərifəlayiqdir. Sinif üç şöbəyə bölünmüşdür və
müəllim dərsin gedişində onların heç birini nəzərdən qaçırmır, hər şeydən əvvəl
o, rus dilinin düzgün və aydın tələffüzünə nail olur, durğu işarələrində
dayanmaqla, hər bir sözün açıq-aydın tələffüz edilməsinə çalışır, oxu zamanı
buraxılan səhvlər digər şagirdlər tərəfindən dərhal düzəldilir, vurğulara
xüsusi fikir verilir, hər bir söz ya qabaqcıl şagirdlər və ya da müəllim tərəfindən
aydınlaşdırılır”. Dairə inspektoru sözünə davam edərək daha sonra vurğulayır
ki, ümumiyyətlə bu sinifdə bir dəqiqə belə nə intizam, nə də iş pozulmur, hamı
məşğul olur, dərs canlı keçir və hər bir şagird dərsin sonunda nəyi isə öyrənmiş
olur. Hazırlıq sinfində alınan yaxşı hazırlıq, sonradan digər siniflərdə rus
dilinin müvəffəqiyyətində öz əksini gözəçarpacaq dərəcədə göstərir. Qeyd edim
ki, qəza məktəblərinin hazırlıq sinfində oxu üçün əsas vəsait kimi
K.D.Uşinskinin "Uşaq aləmi” kitabından istifadə olunurdu.
Maarifçi şəhərin ilk məktəbi...
5 nömrəli tam orta məktəb
zəngin maarifçilik ənənələri olan Şəkidə təhsilin, mədəniyyətin, elmin,
ziyalılığın inkişafının təməlində dayanır. Bu təhsil ocağı yalnız məktəb
funksiyası daşımayıb, Şəkidə məktəb
quruculuğu işinin əsaslarını yaradıb.
Nuxa məktəbi ilə bağlı
diqqətimi cəlb edən ən mühüm məqamlardan biri də yarandığı gündən yerli əhalinin
ona olan münasibətidir. Şəkililər məktəbə elə ilk gündən doğma münasibət bəsləyərək,
maddi və mənəvi yardımlarını əsirgəməyiblər. Onlar məktəb üçün müvafiq binanın
ayrılmasına nail olub, binanın kirayəsi üçün vəsait toplayıblar. Təhsilin,
elmin, mədəniyyətin inkişafına yönəlmiş bu xeyirxahlıq nümunəsi getdikcə geniş
vüsət alıb. Təsadüfi deyil ki, bu nüans Zaqafqaziyanın baş hakimi baron Rozenin
diqqətini cəlb edib. Onun sərəncamı ilə Nuxada qəza məktəbinin inşası yerli əhalidən
toplanan vəsait hesabına həyata keçirilib.
19-cu əsrin müasir məktəbi
Nuxa qəza məktəbi tez
bir zamanda tərəqqipərvər ziyalıların diqqətini cəlb edib. 1835-ci ildə
Zaqafqaziya məktəblərinin yeni nizamnaməsinin təsdiq edilməsi də məktəbin daha
optimal fəaliyyəti üçün yeni imkanlar yaradıb. Bu nizamnamə imkan verirdi ki,
mövcud ikisinifli qəza məktəbləri üçsinifli məktəblərə çevirilsin. Nizamnamədəki
bu dəyişiklik, demək olar ki, islahat xarakteri daşıyırdı və daha çox uşağın təhsilə
cəlb olunmasına yol açırdı. Belə də olur. Statistikaya nəzər yetirdikdə görmək
mümkündür ki, məktəbin şagirdlərinin sayı ilbəil artır, bununla yanaşı tədris
planı da yeni fənlərin əlavə edilməsi sayəsində genişlənir. Məktəbə dərs demək
üçün Rusiya universitetlərindən, ali pedaqoji məktəblərdən məzunlar dəvət
olunur. İlk vaxtlar məktəbdə rus dili, coğrafiya, tarix, hesab, hüsnxət, rəsm,
rəsmxət, Ana dili, şəriət tədris olunurdu. Tədris planının genişlənməsi isə məktəbdə
yeni fənlərin, o cümlədən, coğrafiyanın, həndəsənin, təbiətşünaslığın, Latın və
Avropa dillərinin tədris olunmasına imkan yaratdı. Məktəbdə kitabxananın təşkil
olunması isə müstəsna faydalı hal kimi qiymətləndirilə bilər. 1845-ci ilin məlumatına
görə kitabxanada 360 adda kitab və tədris vəsaiti var idi ki, bu da dövr üçün əhəmiyyətli
dərəcədə böyük rəqəm hesab oluna bilər.
Nuxa qəza məktəbinin fəaliyyətində
diqqətimi cəlb edən məqamlardan biri də məktəbin nəzdində musiqi məktəbinin
yaradılmasıdır. Hələ 1882-ci ildə bu məktəbdə
25 şagird təhsil alıb. Qeyd edim ki, 19-cu əsrin sonlarında qəza məktəblərində
musiqi bölməsi yalnız Şuşa və Nuxa məktəbində fəaliyyət göstərib. Düşünürəm ki,
musiqi məktəbinin açılması Şəkidə gənclərin musiqiyə marağının təmin olunması,
peşəkar musiqiçilərin yetişməsi, eləcə də uşaqların dünyagörüşünün
formalaşmasında müstəsna rola malik olub. 1877-ci ildə Nuxa qəza məktəbi
üçsinifli şəhər məktəbinə çevrilib. Şübhə yoxdur ki, bu amil məktəbin
inkişafında önəmli rol oynayıb. Şagirdlərin sayı artıb, dövrün savadlı adamları
məktəbdə tədrisə cəlb olunublar. Abbas Mirzə Axundov, Molla Çələbi oğlu kimi müəllimlərin
məktəbdə dərs aparması tədrisin keyfiyyətinə müsbət təsir göstərib. Təhsil ödənişli
əsaslarla aparılsa da, adamlar onu həvəslə ödəyirdilər. Çünki toplanan vəsait məktəbin
vacib xərclərinə, şagirdlərin mükafatlandırılmasına, tədris vəsaitlərinin
alınmasına, müəllimlərin ehtiyaclarına sərf olunurdu. Qeyd etmək yerinə düşər
ki, Şəki şəhər məktəbi şəhərdə yaşlıların təhsilə cəlb edilməsi istiqamətində də
müstəsna xidmətlər göstərib. Məktəbin nəzdində yaradılmış "Bazar günü” məktəbi
buna misal ola bilər. "Bazar günü” məktəbi öz ətrafında orta və yaşlı nəslin
xeyli nümayəndəsini toplaya, savadsızlığın aradan qaldırılmasına təsir göstərə
bilmişdi. Məktəbin nəzdində kənd təsərrüfatı və sənət şöbəsinin də təşkil
olunması məktəbə gənclərin marağını artırır, onu cəmiyyətin nəzərlərində
nüfuzlu bir məkana çevirirdi. Nuxa məktəbi şəkililər üçün həyat məktəbi mənası
daşıyırdı. Məktəb yalnız elm deyil, həm də sənət öyrədirdi. Təsadüfi deyil ki, Nuxa məktəbi öz təlim-tərbiyə,
ictimai-mədəni mühiti ilə əsl təlim-tərbiyə məbədgahına çevrilib. Bunun nəticəsidir
ki...
Məktəb Azərbaycan elminə,
təhsilinə, mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş edib...
Onların sırasında Azərbaycan
dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun, görkəmli müəllim, maarifçi,
yazıçı Rəşid bəy Əfəndiyevin, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü,
professor Heydər Əfəndiyevin, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan
SSRİ EA-nın həqiqi üzvü, professor Cəlil Hüseynovun, Əməkdar elm xadimi,
dramaturq, yazıçı Sabit Rəhmanın, Əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir
üzvü, filologiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı Əbdüləzəl
Dəmirçizadənin, muğam operalarının baş rollarının mahir ifaçısı, Azərbaycanın
Xalq artisti Əlövsət Sadıqovun, Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı,
Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin
mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd
Hüseynovun adına rast gəlmək mümkündür. Məktəbin yetirmələri onun tarixinin
güzgüsü, gələcəyinin dayağıdır. Yetirmələrə nəzər yetirib məktəbin keçdiyi yol,
oradakı təlim-tərbiyə mühiti, orada çalışan müəllimlərin pedaqoji ustalığı
haqqında fikir söyləmək mümkündür. Zaman-zaman bu təhsil ocağı Minayə Səmədova,
Surayə Gülüzadə, Məmmədhəsən Abdullayev, Rza Cəlilov, Ələsgər Yusifov, Diləfruz
Axundova, Ruqiyyə Hüseynova kimi müəllimlərin çiynində inkişaf edib.
1925-1926-cı dərs
ilində Şəki şəhər məktəbi beşsinifli təhsil müəssisəsinə çevrilib. 1933-cü ildən
yeddiliik, 1939-cu ildən isə səkkizillik məktəb kimi fəaliyyətini davam
etdirib. Nəhayət, 1945-ci ildə onillik məktəb statusunu alıb. O zamandan Şəki şəhər
məktəbi fəaliyyətini qız məktəbi kimi davam etdirir. Məktəbin məzunu Minayə Səmədova
direktor təyin olunur. Qız məktəbi elə birinci buraxılış ilində öz tarixinin ən
uğurlu nəticəsinə imza atır. Məktəbin 17 məzunundan 10-u tibb, 1-i neft mühəndisi
sahəsini seçir. Məzunlardan 2-si sonralar elmlə məşğul olur. Ümumiyyətlə, 17 nəfərin
hər biri ali təhsil alır. Nuxa qəza məktəbi kimi fəaliyyətə başlayan, bu gün 5
nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirən qocaman məktəb bütün
dövlərdə ölkənin ən yaxşı təhsil ocaqları sırasında dayanıb. Bu gün də bu ənənə
davam edir...
5 nömrəli tam orta məktəb
müasir dövrdə
Bu məktəblə
tanışlıqdan məndə ilkin olaraq yaranan təəssürat bu oldu: zəngin ənənələrə sədaqət,
yeni dəyərlər yaratmaq, müasir dövrün məktəbini qurmaq, layiqli vətəndaşlar
formalaşdırmaq...Mən bunu məktəbin direktoru, Əməkdar müəllim Filyar
İbrahimovanın söhbətindən, eləcə də məktəblə tanışlqdan aydın görürdüm.
Öncə onu qeyd edim ki,
5 nömrəli tam orta məktəb füsunkar Şəkinin mərkəzi küçələrindən birində yerləşir
və şəhərin demək olar ki, bütün küçələri səni bu məktəbə gətirib çıxara bilər.
Bu gün məktəbdə 931 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 65 nəfər müəllim
məşğul olur. Məni məktəbdə daha çox maraqlandıran nüanslardan biri 44 günlük Vətən
müharibəsinin pedaqoji kollektivin, şagirdlərin düşüncəsində necə əks-səda
verdiyini öyrənmək idi. Etiraf edim ki, bunu öyrənmək üçün direktordan, yaxud
müəllimlərdən nə isə soruşmağa belə ehtiyac görmədim. Rəşadətli Azərbaycan
ordusunun qəhrəmanlığını əks etdirən stendlər, sinif otaqlarının şəhidlərin
adları ilə adlandırılması, məktəbin tarixini, görkəmli məzunların həyat və
yaradıcılığını əks etdirən guşələr - bütün bunlar mənəvi dəyərlərə ehtiram
ruhunu aşılayan amillər kimi diqqətimi cəlb edirdi. Qeyd edim ki, 5 nömrəli tam
orta məktəb 2012-2013-cü dərs ilində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı
ilə keçirilən "Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub. Məzunların buraxılış
və qəbul imtahanlarındakı nəticələrinə görə, məktəb son illər ardıcıl olaraq
respublikanın ən yaxşı məktəbləri sırasına daxil edilir. Son 5 ildə məktəbi
bitirən məzunların 72-82%-i ali məktəblərə qəbul olunub. 2013-2020-ci illər ərzində
ali məktəb tələbəsi adını qazanan 228 məzundan 50 nəfəri 500-dən, 41 nəfəri isə
600-dən yuxarı nəticə göstərib. Məktəbin məzunlarından 8 nəfəri - Şəlalə Zəkəriyyəzadə,
Mədinə Məlikzadə, Günel Fəttahova, Elşanə Məmmədli, Minayə Xurşudova, Zəhra
Süleymanova, Aytac Hüseynli, Arzu Musayeva (Prezident təqaüdçüsü) tam orta təhsil
pilləsini qızıl medalla başa vurub. Günel Məmmədova və Ayxan Məmmədli isə gümüş
medala layiq görülüblər. 4 nəfər Prezident təqaüdçüsüdür. Son 5 ildə məktəbin
şagirdləri fənn olimpiadalarının respublika turunda Azərbaycan dili və ədəbiyyat,
tarix, biologiya fənləri olmaqla 8 medal qazanıblar. 2018-ci ildə məktəbin
10-cu sinif şagirdi Arzu Musayeva İctimai Televiziyanın Təhsil Nazirliyi ilə
birgə keçirdiyi "Əlaçı” yarışının, 11-ci sinif şagirdi Aytac Hüseynli "Ən yaxşı
təqdimat” yarışının qalibi olub. Arzu fənn olimpidalarının respublika turunda
biologiya fənni üzrə iki dəfə ikinci, iki dəfə üşüncü yeri tutub. Aytac, eyni
zamanda, fənn olimpiadalarının respublika turunda tarix fənni üzrə 2016,
2018-ci illərdə ikincilik əldə edib. Günel Məmmədova "Ədəbiyyat biliciləri”
müsabiqəsində ikinci yerə layiq görülüb. Ayxan Məmmədli fənn olimpiadalarının
respublika turunun ikincisi olub.
Məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimləri Aynurə Teymurova və Nərmin Kərimli "Ən yaxşı müəllim” respublika müsabiqəsində
birincilik əldə ediblər. Riyaziyyat müəllimi Hicranə Lətifova, biologiya müəllimi
Sevda İsmayılova Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunublar. Tarix
müəllimi Bünyad İsmayılovun şagirdləri üç il ardıçıl tarix fənni üzrə Respublika fənn olimpiadasında qaliblər
sırasında olublar. Məktəbin nailiyyətləri həmçinin uzun illər yorulmadan səmərəli
pedaqoji fəaliyyət göstərən riyaziyyat müəllimi Mahmud Teymurov, coğrafiyanı tədris
edən Dilbazi Cəmilov, əməkdar idman işçisi İntizar Məmmədova, riyaziyyat müəllimləri
Sədayə Mirzəyeva, Şəfiqə Rəsulova, Azərbaycan dili və ədəbiyyat müəllimi Anar Əzizov, Ləman Abdullayeva,
ibtidai sinif müəllimi Atlas Namazova, biologiya müəllimi Almaz Mövsümova kimi
müəllimlərin sayəsində daha da artmaqdadır.
5 nömrəli tam orta məktəbin
uğurları bü günü ilə yanaşı, gələcəyinə də inam yaradır...
Böyükağa MİKAYILLI