“Uşaq tərbiyəsində kiçik nüans yoxdur.”

  • 22-08-2021, 22:24
  • “Təhsil və zaman” qəzeti
  • 408

“Uşaq tərbiyəsində kiçik nüans yoxdur.”“Uşaq tərbiyəsində kiçik nüans yoxdur.”

“Uşaq tərbiyəsində kiçik nüans yoxdur.”“Uşaq tərbiyəsində kiçik nüans yoxdur.”

“Uşaq tərbiyəsində kiçik nüans yoxdur.”“Uşaq tərbiyəsində kiçik nüans yoxdur.”

316 saylı körpələr evi-uşaq bağçasından reportaj

Bakı şəhəri Xətai rayonu 316 saylı körpələr evi-uşaq bağçası ilə tanışlığımız təsadüfi xarakter daşımırdı. Məktəbəqədər təhsil müəssisələrinin faəliyyəti ilə tanış olmaq, yenilikləri, qabaqcıl tərbiyəçi-müəllimlərin iş təcrübəsini öyrənmək üçün, hələ 2020-ci ilin yanvarında olmuşdum bu müəssisədə. Bir neçə saatlıq görüşümüzdə onların fəaliyyətini ətraflı izləyə bilməsəm də, müəyyən təsəvvürlərim yaranmış və qeydlərimi aparmışdım. Diqqətimi cəlb edən bəzi məqamları oxucularımla bölüşmək istəyirəm. Hesab edirəm ki, daha ətraflı məlumat üçün bağçanın fəaliyyəti ilə yenidən tanış olmağa ehtiyac var. Öncə qeyd edim ki, 316 saylı bağça 1990-cı ilin may ayından qapılarını balaca fidanlar üçün açıb. Bu gün bağçada 17 qrup fəaliyyət göstərir. Burada 315 uşaq tərbiyə alır. 2014-cü ildə bağça əsaslı təmir edilib, yenidən istifadəyə verilmişdir. Bağçada 85 işçi heyəti çalışır. Bu müəssisə layihəsinə və sahəsinin həcminə görə respublikamızda ən böyük bağçalar siyahısındadır. Bağçaya məktəbəqədər sahə üzrə təcrübəli mütəxəssis Nabat Rəfiyeva rəhbərlik edir.

Məntiqi təfəkkür - dərketmə - çevik düşüncə

Respublikada ilk pilot layihə "ingilis dili təmayüllü” qrup məhz 316 saylı körpələr evi-uşaq bağçasında fəaliyyətə başlayıb. Bağçanın qabaqcıl tərbiyəçi-müəllimələrindən İlhamə Sarıyeva, Səbinə Əsgərova, Gülnarə Babayevanın keçdikləri məşğələləri müşahidə etdik. Onlar fəaliyyət göstərdikləri yaş qruplarından, uşaqların meyl və maraqlarından həvəslə danışırdılar. Onların uşaqlarla birgə keçirdikləri "Açıq məşğələlər” haqqında məlumatları maraq doğururdu. Qeyd edirdilər ki, qrupda keçirilən hər bir məşğələ interaktiv metodlarla təşkil olunur, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi uşaqların məşğələləri daha maraqla izləmələrinə yol açır. Əyanilik uşaqların məntiqi təfəkkürünün formalaşmasına, onların dərketmə, çevik düşüncə qabiliyyətlərinin inkişafına imkan yaradır. Uşaq görür, eşidir, anlayır və tətbiq edir. Məşğələlərin rəngarəng təşkil olunması, Nabat Rəfiyevanın təbrincə desək, həm də uşaqların əylənərək öyrənməsinə, öyrənməkdən zövq almalarına, sağlam rəqabət mühitinin yaranmasına, bir-birilərinin fikirlərinə hörmətlə yanaşmağı öyrənmələrinə səbəb olur, uşaqlar yorulmur, öyrənməkdən zövq alırlar, daha yeni biliklər almaq üçün maraqlı olurlar. Nabat Rəfiyeva qeyd edir ki, interaktiv təlim mühiti uşaqların intellektual səviyyəsini yüksəldir, öyrənilən biliklərin daha mükəmməl yadda qalması üçün əsaslar yaranır.

Uşaqlar təbiəti duysunlar...

Tərbiyəçi-müəllim İlhamə Sariyeva "Ətraf aləmlə tanışlıq”, eləcə də "Fəsillərin ahəngi” mövzusunda maraqlı məşğələsi ilə diqqətimi cəlb etdi. Tərbiyəçinin məqsədi bu idi ki, uşaqların estetik zövqü, bədii nitqi, rənglərə marağı inkişaf etsin, onlar bir-birilərinin fikrinə hörmətlə yanaşmağı öyrənsinlər, söz ehtiyatları zənginləşsin, ətraf aləmlə tanış olsunlar, oyanan təbiətin gözəlliyini rənglər və firça vasitəsi ilə kətan və ya kağız, həmçinin bişmiş şüşə lövhə üzərində əks etdirməyi bacarsınlar, təbiəti duysunlar, fəsillərin gözəlliyini hiss etsinlər, təbiəti qorumağın lazım olduğunu dərk etsinlər. İlhamə Sarıyeva təlim prosesində motivasiyadan, əlaqə-əks əlaqədən, söz assosiasiyasından, fərdi yanaşmadan, beyin həmləsindən istifadə etməklə, uşaqların marağını təmin edir, maraqlı öyrənmə mühiti yaradırdı. Təcrübəli tərbiyəçi-müəllim təlimin nəticəsi olaraq uşaqların təbiətlə, rənglərlə tanışlığı, yaradıcı təxəyyül, bədii estetik zövqü inkişaf etdirməyi, başladıqları, seçdikləri mövzunu axıra qədər çatdirmaq vərdişinə yiyələnmələrini nəzərdə saxlayırdı. Vəsait kimi istifadə olunmaq üçün proyektor, fəsilləri əks etdirən roliklər, 2:1 nisbətində şüşə lövhə, rəngli boyalar, fırçalar, nəm salfetlər seçilmişdi. Uşaqların diqqətini cəlb etmək, motivasıya yaratmaq üçün anidən "Günəş olaram mən də” mahnısının sədaları altında tərbiyəçi-müəllim:

Obadan gedirdi qiş,

Qayıdırdı qaranquş.

Yolda qaranquşla quş,

Birdən qarşılaşdılar.

Qollarını çirməyib,

Möhkəmcə tutaşdılar.

Qaranquş qalib çıxdı.

Yenə yaz döyüşündə.

Ancaq qışın qarından,

Qaldı onun döşündə

şeirini səsləndirdi.

Tərbiyəçi-müəllim şeiri söyləməklə bugünkü mövzu haqqında uşaqlarda ilkin fikir yaratdı. Tərbiyəçi-müəllim uşaqları qruplara bölərək onları fəsillərə aid adlarla adlandırdı. (İdman dəqiqəsi: "Göy qurşağı”). Hər bir uşağın qarşısına fəsilləri əks etdirən tərs çevrilmiş şəkillər qoyulur. Tərbiyəçi-müəllim uşaqlara şəkilləri çevirib baxmağı və gördükləri haqqında danışmağı tapşırır. Uşaqlar müəllimin tapşırığını yerinə yetirirlər. Hər stolda 4 fəsli də əks etdirən şəkillər qoyulmuşdur. Tərbiyəçi şəkilləri ardıcıllıqla düzüb onlar haqqında məlumat verməyi tapşırır. Qruplarla işdə qalib komanda "Yay” qrupu seçilir və bişmiş şüşə üzərində Yay fəsli canlandırılır. Tərbiyəçi-müəllimin tətbiq etdiyi fərdi yanaşma özünəməxsusluğu ilə seçildi, buna görə də lazımı nəticələr əldə olundu. Şüşənin bir üzərində tərbiyəçi-müəllim təsvir edir, digər üzərində isə çətinlik çəkən uşaq onu izləyir.

Əylənərək öyrənmək...

Tərbiyəçi-müəllim Gülnarə Babayevanın "Ətraf aləmlə tanışlıq” məşğələsinin "Heyvanlar aləmi” mövzusunda geniş məşğələsini izlədik. Onun məqsədi uşaqların ətraf aləmlə tanışlığını davam etdirmək, ev və çöl heyvanlarını maket və şəkildən tanımaqlarını möhkəmləndirmək, nitqin inkişafını, müşahidəçilik qabiliyyətini inkişaf etdirmək, uşaqların bir-birilərinə hörmətlə yanaşmağı, heyvanların xüsusiyyətləri, əhəmiyyəti, yaşadıqları mühit haqqında biliklərini genişləndirmək, heyvanların balalarının adlarını öyrətmək, uşaqların heyvanlar haqqında təsəvvürlərini genişləndirmək idi. Gülnarə Babayeva prosesdə motivasiya, əlaqə-əks əlaqə, söz assosiasiyası, fərdi yanaşma, beyin həmləsindən istifadə etməklə, uşaqları məqsəd ərtafında məharətlə cəmləyə bilmişdi.İstifadə etdiyi proyektor, ev və çöl heyvanlarını təsvir etdirən video-roliklər, 2:1 nisbətində masaüstü lövhə, ağ qum (Kinetik qum), kiçik ələklər məqsədə aparan yolda mühüm vasitələr idi. Təlimin nəticəsi olaraq uşaqlarda rabitəli nitqi inkişaf etdirmək, onların ev və çöl heyvanları ilə tanışlığına nail olmaq, heyvanların yaşadıqları yerləri, səsləri, balalarının adları haqqında biliklərini möhkəmləndirmək, heyvanların xüsusiyyətləri və əhəmiyyətləri haqqında təəssüratlarını genişləndirməyə nail olmaq idi. Məşğələnin əvvəlində tərbiyəçi-müəllim uşaqlara monitorda heyvanat parkına ekskursiya etdikləri video-roliki canlandırır. Uşaqlara diqqətlə izləməyi tapşırır. Sonra uşaqlardan monitorda hansı heyvanların canlandırıldığını soruşur. Monitorda ev və çöl heyvanları canlandırıldıqda heyvanların səsləri əlavə olaraq səsləndirilir və tərbiyəçi-müəllim bu səslərin hansı heyvanlara aid olduğu və harada yaşadığı haqda məlumat verir. Uşaqların diqqətini yoxlamaq üçün ardıcıllığı təkrar etmələrini tapşırır. O, uşaqların diqqətini əlindəki torbaya cəmləyərək uşaqlara növbə ilə yaxınlaşıb torbalardan heyvan maketlərini çıxarıb onlar haqqında məlumat verməyi tapşırır. (İdman dəqiqəsi: "Ovçular”). Tərbiyəçi-müəllim uşaqları qruplara ayırır və diqqəti masa üzərinə qoyduğu tərs çevrilmiş testlərə yönəldir. O, uşaqlara testi çevirib baxmağı və gördükləri haqqında danışmağı tapşırır. I qrupa müxtəlif heyvanların içərisindən ev heyvanlarını tapmağı, qruplaşdırmağı, xüsusiyyətləri haqqında danışmağı, II qrupa heyvanları qidalandıqları yeməklərlə birləşdirməyi, III qrupa heyvanları yaşadığı yeri adlandırmağı və hər heyvanı öz "evinə” göndərməyi, IV qrupa ot yeyənləri yaşıl, ət yeyənləri qırmızı dairəyə almağı tapşırır. Uşaqlar müəllimin tapşırığını yerinə yetirirlər. Tərbiyəçi-müəllim musiqi sədaları altında əvvəlcədən hazırlanmış 2:1 ölçülü lövhəyə yaxınlaşır. Uşaqlara masaüstü lövhədə torbadan çıxardıqları heyvan maketlərini lövhə üzərinə düzməyi tapşırır. Sonra kiçik ələklər vasitəsi ilə heyvan maketlərinin üzərinə uşaq istifadəsi üçün olan ağ qum (Kinetik qum) səpirlər. Uşaqlar qum səpilmiş heyvan maketlərini qaldırdıqda qırmızı kətan parça üzərində həmin heyvanların kölgələrini alırlar. Uşaqlar əylənirlər, həm də əylənərək öyrəndikləri bilikləri möhkəmləndirirlər.

Uğurlu nəticəyə necə çatmalı?

Tərbiyəçi-müəllim Səbinə Əsgərova böyük qrupda uşaqları "Gil işi” məşğələsində "Rəngli konfetlər” mövzusu üzərində işlətdi. Tapşırığın məqsədi uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, gil ilə səliqəli işləməyi, hissələri ehtiyatla və səliqəli birləşdirməyi bacarmaq, ətraf aləmlə tanışlığı davam etdirmək, başqa məşğələlərlə əlaqə-əks əlaqə qurmaq, uşaqlara tələb olunan formanı düzgün almağı, kiçik hissələri dəqiq yapmağı, uğurlu nəticəyə çatmağı öyrətmək idi. Tərbiyəçi-müəllim motivasiya, əlaqə-əks əlaqə, inteqrasiya, söz assosiasiyası, beyin həmləsindən istifadə etməklə uşaqları mövzu ətrafında maraqla işləməyə həvəsləndirdi. Rəngli gildən, masaüstü lövhələrdən, nəm parçadan (və ya nəm salfet) əl silmək üçün vəsait kimi istifadə etdi. Tərbiyəçi-müəllim uşaqların diqqətini, "şipşirin” ifadəsini işlətməklə özünə cəlb etdi. Uşaqlara müraciət edərək: şirin deyəndə ağla ilk olaraq nə gəlir deyə soruşdu. Bu vaxt qapı döyüldü, içəri rəngli konfet paltarları geyinmiş uşaqlar daxil oldu. Onlar musiqi sədaları altında rəqs edirlər. Rəqsləri bitdikdən sonra onlar da məşğələyə qoşulurlar. Tərbiyəçi uşaqlara verdiyi sualı bir daha təkrarlayaraq - şirin deyəndə ağla ilk olaraq nə gəlir, - deyə soruşdu. Uşaqlar cavab olaraq alma, armud, banan, peçeniye və s. səsləndirdilər. Tərbiyəçi-müəllim proyektor vasitəsi ilə video-rolikə limon şəkli də əlavə edir. Bu, uşaqlar tərəfindən etirazla qarşılanır. Onun turş meyvə olduğunu uşaqlar etiraz edərək bildirirlər. Tərbiyəçi-müəllim uşaqlardan sadaladıqları şirin məhsulların hansını daha çox sevdiklərini soruşur. Hər bir uşağın sevdiyi konfet seçilir. Səs birliyi ilə bugünkü mövzunun gildən şirin konfetlər düzəltmək olduğu seçilir. Tərbiyəçi-müəllim uşaqların diqqətini yazı lövhəsinə cəlb edir. Konfet fiqurunun onların təsəvvürlərində düzgün formasının həndəsi fiqurların köməyi ilə lövhədə çəkərək göstərir. Tərbiyəçi-müəllim uşaqlardan öyrəndikləri bütün həndəsi fiqurları təkrar soruşur. Uşaqlar silindir və üçbucağı birləşdirərək vizual olaraq konfetin görüntüsünü alırlar. O, uşaqlara şirin konfetləri, ümumiyyətlə şirnini az yeməyi tövsiyə edir. Uşaqlardan - şirnini nə üçün çox yemək olmaz, - deyə soruşur. Uşaqların fərqli cavablarından sonra o özü mövzuya aydınlıq gətirərək dişlərin tez çürüməyi haqqında uşaqları məlumatlandırır və hər gün yeməkdən sonra dişlərin firçalanmasının vacibliyi haqqında danışır. Uşaqlardan şirniyyat haqqında keçilən şeirlərdən yadlarında qalanları söyləməyi istəyir.

Mən şirniyyatı sevirəm,

Tortları, don

durmaları.

Şokoladı, mürəbbəni sevirəm,

Hələ zefiri, peçenyeni.

Bütün yaxşı işlərə görə,

Anam mənə konfet verir.

Yarısını qardaşıma verəcəm

O, dünən mənə nağıl oxuyub.

Uşaqlar çox sevir,

Dadlı konfetləri.

"Vaselka”, "Romaşka”

"Mişka”, "Çeburaşkanı”.

Bununla tərbiyəçi-müəllim "Bədii ədəbiyyat və nitq inkişafı”, "Ətraf aləmlə tanışlıq”, "Sadə riyazi təsəvvürlər” məşğələlərinə inteqrasiya edir. (İdman dəqiqəsi: "Şən qatar”). Tərbiyəçi-müəllim uşaqlara müraciət edir: uşaqlar sizin qarşınızda rəngarəng plastilinlər var. Kim hansı rəngdən istifadə etmək istəyirsə götürsün. Plastilindən bir hissəsini götürüb ovcumuzda isidirik və slindir forması veririk, sonra isə barmaqlarımızın köməyi ilə slindir forması verdiyimiz plastilinin uc tərəflərini bir-birinə əks istiqamətdə bururuq. Baxın, belə: tərbiyəçi tək-tək hər masaya yaxınlaşır və hər uşağa görməli olduğu işi izah edir. Sonra isə uşaqlara özləri konfet hazırlamağı tapşırır. Hamı tapşırığın icrasına başlayır. O, müəyyən məqamlarda uşaqlara yardım edir, onlara istiqamət verir.

"Qumla oynayırıq”

Tərbiyəçi-müəllim bütün uşaqları öncədən hazırlanmış qum lövhəsinə dəvət edir. Əziz uşaqlar, biz bu lövhə üzərində işi kollektiv şəkildə icra edəcəyik. Sadaladığımız şirniyyatların əksini barmaq uclarımızın köməkliyi ilə təsvir edəcəyik. Unutmayaq ki, çox şirniyyat sağlamlığa zərərdir. Seçim sərbəstdir, kim hansı şirniyyatı sevirsə, təsvir edə bilər. Uşaqlar qiymətləndirilir.

"Montessori” bizə nə verir?

Bağçanın müdiri Nabat Rəfiyeva qeyd edir ki, onlar bağçada Mariya Montessori metodu ilə işləyirlər. Ümumiyyətlə, mütərəqqi təlim metodları onları hər zaman cəlb edir. Əsas məqsəd odur ki, uşaqları daha optimal şəkildə öyrədə bilək və öyrəndikləri onların yaddaşlarına yazılsın, uşaqların intellektual, zehni inkişafına yardımçı olsun. Daim axtarışdayıq, - deyə Nabat Rəfiyeva vurğulayır. Biz uşaqların fiziki və mənəvi inkişafının təməllərini qoyuruq. Bu, çox məsuliyyətli bir işdir. Hər bir uşağa fərdi yanaşır, onların psixikasına, mənəvi aləminin formalaşmasına təsir edəcək ən kiçik nüanslara belə böyük önəm veririk. Uşaq tərbiyəsində kiçik nüans yoxdur. Biz bağçada elə bir güvənli mühit yaratmalıyıq ki, valideynlər bağçaya öz evləri kimi baxa, ona inana bilsinlər. Hesab edirəm ki, 316 saylı körpələr evi-uşaq bağçasının kollektivi buna nail ola bilir. İşin sistemini elə qururuq ki, uşaqlar zehni və fiziki cəhətdən yorulmasınlar, onlar təlimə sevə-sevə qoşulsunlar, öyrənməyə maraqlı olsunlar. Bu yanaşma, yalnız uşaqların bu günü üçün deyil, gələcək həyatları üçün də önəmlidir. Axı biz bu gün burada gələcək şəxsiyyətin fiziki və mənəvi inkişafının əsasını qoyuruq, - deyə Nabat Rəfiyeva vurğulayır. Nabat Rəfiyeva qeyd edir ki, onlar 1 iyun Uşaqların Müdafiəsi Günü münasibətilə Türkiyədə keçiriləcək "Çocuklar günü”nə dəvət olunmuşdular. Bununla yanaşı, Polşaya beynəlxalq təcrübə mübadiləsinə yollanmağı planlaşdırmışdılar. Polşada uşaq bağçaları ilə "Qardaşlaşma” proqramı hazırlamışdılar. Pandemiya səbəbindən bu işlər təxirə salınsa da, xarici təcrübənin öyrənilməsi layihəsi onlar üçün hər zaman aktualdır və onun gələcəkdə davam etdirilməsi nəzərdə tutulur.

"Nümunələr” qrupu

Bağçanın uşaqları və tərbiyəçi-müəllimlər pandemiya dövründə "Evdə qalaq-sağlam olaq” layihəsinə qoşularaq video-roliklərlə müraciət səsləndirib təbliğat aparırdılar.

Bağçanın rəhbərliyi pandemiya dövründə onlara dəstək olan valideynlər - "Uşaqlığın Akademiyası” qrupundan Natella Əsədliyə, Gülnar Mahmudovaya, "Nümunələr” qrupundan Gülnar Bəhrəmzadəyə, Pərvanə Abbaslıya təşəkkürünü bildirir.

"Təhsil və zaman”


 



Digər mövzular новости

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry