Respublika Təhsil Şurası Milli Mətbuat Günü münasibətilə “Dəyirmi masa” keçirdi.

  • 22-08-2021, 23:06
  • “Təhsil və zaman” qəzeti
  • 495

 

Respublika Təhsil Şurası Milli Mətbuat Günü münasibətilə “Dəyirmi masa” keçirdi.

Təhsil jurnalistikasının problemləri müzakirə olundu.
 
Təhsildən yazan jurnalistlər təltif edildi.

Respublika Təhsil Şurası 22 iyul Milli Mətbuat Günü münasibətilə pedaqoji sahədən yazan, araşdırmalar aparan jurnalistlərin, təhsil, pedaqoji fikir, pedaqoji mətbuat tarixini tədqiq edən alimlərin iştirakı ilə "Dəyirmi masa” keçirdi. "Dəyirmi masa”da pedaqoji jurnalistikanın tarixindən, keçdiyi inkişaf yolundan, zaman-zaman bu sahədə əldə olunan nailiyyətlərdən, problemlərdən danışıldı, təkliflər səsləndirildi.

Tədqiqatlara əsaslanan məqalələr azdır..

Tədbiri giriş gözü ilə Respublika Təhsil Şurasının katibi Böyükağa Mikayıllı açdı. O, Respublika Təhsil Şurasının fəaliyyət göstərdiyi 23 il ərzində mətbuatla sıx əlaqədə işlədiyini diqqətə çatdırdı. Bildirdi ki, Təhsil Şurasının dövrü olaraq keçirdiyi "Pedaqoji mətbuat və müasir müəllim” mövzusunda elmi-praktik konfranslar müəllimlərin böyük marağı ilə qarşılanırdı. Biz düşünürük ki, bu silsilə konfranslar yenə də davam etsin, - deyə B.Mikayıllı vurğuladı. Çünki bu gün pedaqoji sahənin jurnalistləri ilə yanaşı, müəllimlərin də yazı qabiliyyətlərinin təkmilləşməsinə zəruri ehtiyac var. Müəllimlərin pedaqoji mətbuatda öz pedaqoji, metodiki təcrübələri ilə bağlı çıxış etmələri yaxşı haldır, amma pedaqoji yazı texnikasının təkmilləşdirilməsi də vacibdir. Müəllimlər redaksiyaya olduqca zəif yazılar göndərirlər. Tədqiqatlara əsaslanan məqalələr azdır. Yazıları dəfələrlə geri qaytarıb, düzəlişlər etməyi xahiş edirik. Bəzən alimlər belə, müasir dövrün tələbləri səviyyəsində nə tədqiqat apara, nə də məqalə yaza bilirlər. Pedaqoji jurnalistikanın öz spesifik xüsusiyyətləri var, bunu jurnalistlər də, müəllimlər də nəzərə almalıdırlar, - deyə B.Mikayıllı diqqətə çatdırdı. Bildirdi ki, bugünkü tədbirin əsas məqsədi odur ki, pedaqoji elm və pedaqoji jurnalistika nümayəndələrinin fikirlərini eyni zamanda dinləyək və Təhsil Şurasının missiyasına uyğun olaraq, təkliflərlə çıxış edək. B.Mikayıllı bildirdi ki, bu gün Azərbaycanda pedaqoji jurnalistikanın inkişafı üçün elmi potensial var, amma bu potensialı istiqamətləndirəcək mühit yoxdur.

Dövlətin təhsil siyasətinin uğurla həyata keçirilməsi üçün mükəmməl qaynaq

Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik etdi. Sonra Şura sədri təşkilatın son iki ayda həyata keçirdiyi tədbirlər, təşkilati işlər barədə danışdı. Xüsusi olaraq vurğuladı ki, Təhsil Şurasının 20 il əvvəl nəşrinə başladığı və son 3 ildə müəyyən səbəblərdən fəaliyyət göstərməyən "Təhsil və zaman” qəzetinin çapı bərpa olunur. Bu, pedaqoji jurnalistikaya bir töhfə olacaq. Psixologiya sahəsini əhatə edəcək "Motivator” qəzeti, "Azərbaycanda təhsil” və "Psixologiya və sosial tədqiqatlar” jurnalları təsis olunub. S.Mehdizadə qeyd etdi ki, bu jurnallar Azərbaycanda təhsil, pedaqogika və psixologiya sahəsinin tədqiqatçıları üçün əlverişli imkan yaradacaq, bununla yanaşı, elmi jurnalistikanın inkişafına təkan verəcək. Biz müəyyən araşdırmalar aparır və görürük ki, bu sahədə boşluqlar mövcuddur. Təhsil Şurası bu boşluqları doldurmaq üçün maksimum çalışacaq. Buna Şuranın elmi kadr potensialı da imkan verir. Təhsil Şurasının ətrafında ölkənin ən yaxşı pedaqoqları, psixoloqları, peşə təhsili, eləcə də pedaqoji mətbuat üzrə mütəxəssisləri toplanır. Bu potensial dövlətin təhsil siyasətinin uğurla həyata keçirilməsi üçün ən mükəmməl qaynaq rolunu oynaya bilər...

Pedaqoji mətbuat elmi mənbədir

Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov söylədi ki, mətbuatımızın 146 il öncə atılan əsasları, ümumiyyətlə, bizim yalnız mətbuatımız üçün deyil, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz, teatrımız, həmçinin dövlətçilik tariximiz, milli ideologiyamızın yaranması üçün təməl rolunu oynayıb. F.Rüstəmov vurğuladı ki, "Əkinçi”nin məqsədi beynlərdə maarif işığı yandırmaq idi. O, vurğuladı ki, "Əkinçi”nin açdığı ilk cığırdan sonra Azərbaycanda mətbuat öz inkişafı üçün təməl qazandı. Maarifçilik ideyalarını yayan qəzet və jurnallar nəşr olunmağa başladı. "Əkinçi”dən başlanan milli ideologiya sonralar, 20-ci əsrin əvvəllərində milli konsepsiyaya çevrildi. Fərrux Rüstəmov Azərbaycanda pedaqoji mətbuatın inkişaf tarixinə nəzər yetirərək, bu sahədə nəşr olunan qəzet və jurnalların, eləcə də ona rəhbərlik edən, yazılarla, araşdırmalarla çıxış edən ziyalıların, mütəfəkkirlərin adlarını dilə gətirdi. Qeyd etdi ki, bugünkü Azərbaycan pedaqoji elitası məhz Azərbaycanın pedaqoji mətbuatının "şinelindən” çıxıb. F.Rüstəmov 1990-cı illərdən sonra nəşr olunan qəzet və jurnallardan da bəhs edərək, bu xüsusda "Təhsil və zaman” qəzetinin, "Pedaqoji tədqiqatlar” jurnalının adını çəkdi. Qeyd etdi ki, bu qəzet və jurnal pedaqoji mətbuatda ləngimə olduğu bir dövrdə meydana gəldi və pedaqoji elmə yeni nəfəs gətirdi. Fərrux Rüstəmov onu da söylədi ki, pedaqoji mətbuat informasiyanın cari olaraq çatdırılmasına xidmət edən Kütləvi İnformasiya Vasitəsi deyil. Bu, elmi mənbədir. Burada dərc olunan məqalələr, burada aparılan təhlillər sonradan tədqiqat obyektinə çevrilir. Pedaqoji məqalə öyrətməlidir, yol göstərməlidir. Fərrux Rüstəmov vurğuladı ki, pedaqoji jurnalistika ilə məşğul olan şəxs məktəbi, müəllimi duymalıdır, onun probleminə peşəkarcasına yanaşmağı bacarmalıdır. Onu elə təqdim etməlidir ki, cəmiyyət problemin mahiyyətini anlasın, təzadlı fikirlər yaranmasın. Pedaqoji mətbuat elmi mühitin formalaşmasına təkan verməlidir. Hesab edirəm ki, bizim Təhsil Şurasının elmi-nəzəri nəşrləri kimi yaratdığımız jurnallar elmi-pedaqoji jurnalistikanın inkişafında önəmli rol oynayacaq, - deyə F.Rüstəmov bildirdi.

Elmi jurnallar beynəlxalq indekslərə üzv olmalıdır

Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Piralı Əliyev hələ tələbə vaxtlarından Azərbaycanın ilk qəzet və jurnallarını tədqiq etmək imkanlarının olduğunu qeyd etdi. Bu mətbuat orqanlarının zəngin maarifçilik ənənələri yaratdığını diqqətə çatdırdı. P.Əliyev söylədi ki, bu gün bizim elmi jurnalların problemlərindən biri də beynəlxalq indekslərə üzv ola bilməmələridir. Bu indekslərə üzv olmaqla, biz tədqiqatçılarımızın elmi əsərlərinin dünyaya çıxmasına şərait yarada bilərik. Bu isə Azərbaycan aliminin, elminin adına nüfuz gətirən faktordur. Sevindirici haldır ki, bu gün bizdə "Məktəbəqədər və ibtidai təhsil” jurnalı da daxil olmaqla, belə nəşrlər yaranır. P.Əliyev Ali Attestasiya Komissiyasının eksperti kimi elmi jurnalların nəşrinə verilən tələblərdən bəhs edərək, jurnalların bu tələblər əsasında çap olunmasının vacibliyini vurğuladı. Beynəlxalq indeksli jurnal bizə çox lazımdır. İnanıram ki, Təhsil Şurası bu işə öz töhfəsini verəcək.

Məqalə yazılışı bir elmdir

Pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov söylədi ki, pedaqoji mətbuat sahəsində bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər çalışsa, çox yaxşı olar. Bəzən elə məqalələrə rast gəlirik ki, pedaqoji anlayışlar, terminlər yerində işlənmir, yaxud qarışıq salınır, müəllifin nə demək istədiyi aydın olmur. Bizim pedaqoji mətbuatımız zəngin elmi-pedaqoji irsimizə əsaslanaraq inkişaf etməlidir, istinad yerimiz öz dəyərlərimiz olmalıdır. İntiqam Cəbraylov vurğuladı ki, məqalə yazılışı bir elmdir, pedaqoji sahədən yazan jurnalistlərə bu elmin əsasları aşılanmalıdır. Seminarlar, konfranslar keçirilməlidir. Jurnalistlər elə sahələrə diqqət yetirməlidirlər ki, cəmiyyət ondan fayda götürsün.

Təhsilin problemlərini manşetə çıxaranda ehtiyatlı olmalıyıq

İTV-nin "Sabaha saxlamayaq” verilişinin aparıcısı Vüsalə Məmmədova vurğuladı ki, biz unutmamalıyıq ki, cəmiyyətdə yaxşını da, pisi də formalaşdıran təhsil sistemidir. Burada təhsildəki neqativ halları qabardan, onu qeyri-peşəkar səviyyədə təqdim edən jurnalistlərdən söhbət getdi. Bu gün əgər biz fəaliyyəti narazılıq doğuran bir jurnalistlə rastlaşırıqsa, unutmayaq ki, onu yetişdirən də müəllimlərdir, onlar da təhsilin əsəridir. Hər sahədə olduğu kimi mediada da qeyri peşəkarlığın aradan qaldırılmasının yeganə yolu keyfiyyətli təhsildir. Buna görə də jurnalistikanın problemlərinin həllinə təhsildən başlanılmalıdır.

Təhsildən yazan jurnalistlər üçün seminarlar keçirilsin

Azedu.az saytının baş redaktoru Elmin Nuri təkliflərlə çıxış etdi. Söylədi ki, Təhsil Şurası tərəfindən təhsil sahəsində çalışan jurnalistlər üçün mütəmadi olaraq maarifləndirici seminarların keçirilməsi çox yaxşı olar. Bu, pedaqoji jurnalistikanın inkişafına imkan yaradar. Təhsil jurnalisti həm media, həm də təhsil standartlarını bilməlidir. Maarifləndirici seminarların proqramında təhsil metodologiyası, modern təhsil menecmenti, təhsil marketinqindən tutmuş, pedaqoji istiqamətlərə qədər mühüm nüanslar əks olunsa, çox yaxşı olar. Buna ciddi ehtiyac var. Bəzi jurnalistlər təhsilə təhsil məsələsi kimi deyil, sosial məsələ kimi baxırlar, sosial neqativlik göstərirlər. Elmin Nuri qeyd etdi ki, azedu.az saytı Təhsil Şurası ilə birlikdə bu istiqamətdə maarifçilik işi aparsa, faydalı olar. Bəzən telekanallara təhsil eksperti kimi qalmaqala meylli olan, bu sahəni bilməyən adamlar dəvət olunurlar. Azedu.az saytı Təhsil Şurası ilə birlikdə təhsil mütəxəssislərinin tanıdılması üzərində iş apara bilər ki, media belə mütəxəssiləri tanısın. Əlimizdə təhsil mütəxəssislərinin kataloqu olsun. Elmin Nuri qeyd etdi ki, biz təhsil jurnalistləri regionlarda çalışan, hətta təqaüddə olan, ömrünü təhsilə həsr edən müəllimləri tapıb, onları cəmiyyətə təqdim edək. Maarifçilik ənənələrini cəmiyyətə sevdirək, -deyə E.Nuri vurğuladı.

Müəllimlərin pedaqoji mətbuata ehtiyacı var

ADPU-nun əməkdaşı, əməkdar müəllim Zülfiyyə Vəliyeva qeyd etdi ki, Təhsil Şurasının fəaliyyətində pedaqoji mətbuatın xüsusi yer tutması çox yaxşı haldır. Hesab edirəm ki, Şura və onun pedaqoji mətbuatı ətrafında "məktəb” yaranacaq. Müəllimlərin pedaqoji mətbuata ehtiyacı var. Çünki bu qəzetlərdə pedaqoji, metodiki təcrübə olur, öyrədicilik olur.

Oxucunun ehtiyac duyduğu mövzunu onun masası üzərinə gətirməliyik

"Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Niyazi Şərifsoy bildirdi ki, pedaqoji sahədə çalışan jurnalist təhsilin problemlərini dərindən bilməli və onun inkişaf dinamikasını izləməlidir. Belə olarsa, o jurnalist pedaqoji məsələlərə münasibət bildirə bilər. N.Şərifsoy qeyd etdi ki, müvafiq dövlət qurumları jurnalistin tədqiqatlar aparmasına, analitik yazılar yazmasına şərait yaratmalı, onu lazımı informasiya ilə təmin etməlidirlər. Amma təəssüflər olsun bəzən dövlət qurumları bunda maraqlı olmurlar. Jurnalistin istinad etdiyi mənbə nə qədər əhatəli olarsa, yazı da oxunaqlı alınar. Bizim digər problemimiz, N.Şərifsoyun sözlərinə görə, oxucu kütləsinin olmamasıdır. Biz Azərbaycan müəllimində pedaqoji mətbuata maraq oyatmalıyıq. Onun üçün də aktual problemləri tədqiqata cəlb etməli və oxucunun ehtiyac duyduğu mövzunu onun masası üzərinə gətirməliyik.

"Dəyirmi masa”nın sonunda İTV-nin əməkdaşı Vüsalə Məmmədova, "Məktəbəqədər və ibtidai təhsil” jurnalının şöbə redaktoru Kəklik Məmmədova, azedu.az saytının baş redaktoru Elmin Nuri, Təhsil TV-nin əməkdaşı Zamir Qafarov, "525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva, "Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Niyazi Şərifsoy, "Təhsil və zaman” qəzetinin baş redaktoru Böyükağa Mikayıllı təhsil mətbuatı sahəsində səmərəli fəaliyyətlərinə görə Respublika Təhsil Şurasının "Fəxri Fərman”ı ilə təltif edildilər.

Böyükağa ƏLİSƏFAOĞLU



Digər mövzular новости

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry