Respublika Təhsil Şurası Gədəbəydə

  • 22-08-2021, 23:17
  • “Təhsil və zaman” qəzeti
  • 159

 

Respublika Təhsil Şurası Gədəbəydə Respublika Təhsil Şurası Gədəbəydə

 

 

 
 
Gədəbəydə Təhsil Şurasının filialı təsis olundu.

Respublika Təhsil Şurasının rayon filiallarının yaradılması prosesi davam edir. Növbəti filial Gədəbəy rayonunda təsis olundu. Gədəbəy şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən təsis toplantısında Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə, təşkilatın katibi Böyükağa Mikayıllı, Rayon Təhsil Şöbəsinin əməkdaşı Elmar Həsənli, Təhsil Şurasının üzvləri iştirak edirdilər. Toplantını rayon təhsil şöbəsinin əməkdaşı Elmar Həsənli açdı. O, qeyd etdi ki, Respublika Təhsil Şurasının rayon filaillarının təsis olunması təşkilatın fəaliyyətinin genişlənməsi, yerlərdəki üzvlərlə optimal koordinasiya yaradılması baxımından əhəmiyyətlidir. Odur ki, Gədəbəy Rayon Təhsil Şöbəsi də bu təşəbbüsü dəstəkləyərək, rayonda Respublika Təhsil Şurasının filialının təsis olunmasını məqbul hesab etdi. Elmar Həsənli vurğuladı ki, Gədəbəy müəllimlərinin Təhsil Şurası ilə əməkdaşlıq edəcəklərinə ümidvardır.

Yeni hədəflər

Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə çıxışında öncə Respublika Təhsil Şurasının yaradılması zərurətindən bəhs etdi. Vurğuladı ki, hələ 1998-ci ildə Azərbaycan müəllimlərinin 11-ci qurultayında iştirak edən Ulu Öndər Heydər Əliyev Respublika Təhsil Şurası kimi bir ictimai qurumun əhəmiyyətini nəzərə alıb onun təsis olunmasını qurultay nümayəndələrinə təklif edib. Qurultay iştirakçıları – respublikanın qabaqcıl müəllimləri, görkəmli alimlər, təhsil işçiləri Ulu Öndərin təklifini birmənalı olaraq dəstəkləyərək Respublika Təhsil Şurasının yaradılması ideyasına qoşulublar. Beləliklə, Respublika Təhsil Şurası Ulu Öndərin təklifi və 2000 nəfərlik qurultay nümayəndəsinin iştirakı ilə təsis olunub. S.Mehdizadə qeyd etdi ki, Respublika Təhsil Şurasının qurucusu məhz Ulu Öndər Heydər Əliyevdir və təşkilat ötən illər ərzində onun qurultayda irəli sürdüyü ideyalara sadiq qalaraq, Azərbaycanda həyata keçirilən təhsil islahatlarının önündə addımlayıb. Təhsil Şurasının həyata keçirdiyi layihələr təhsil ictimaiyyəti tərəfindən hər zaman yüksək səviyyədə qəbul olunub. Samir Mehdizadə qeyd etdi ki, Gədəbəydə Təhsil Şurasının təsis toplantısının məhz Heydər Əliyev Mərkəzində keçirilməsi simvolik məna daşımaqla bərabər, Ulu Öndərin ideyalarına sadiqliyimizin nümunəsidir. O, bu şəraiti yaratdıqlarına görə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevə, eləcə də Rayon Təhsil Şöbəsinin rəhbərliyinə minnətdarlığını ifadə etdi. Samir Mehdizadə daha sonra Respublika Təhsil Şurasının son illər həyata keçirdiyi layihələrdən, eləcə də yeniliklərdən danışdı. Bu layihələrin təhsilimizin inkişafına yönəlmiş hədəflərini diqqətə çatdırdı.

İlk növbədə müəllimi dinləməliyik

Respublika Təhsil Şurasının katibi Böyükağa Mikayıllı da öz növbəsində Respublika Təhsil Şurasının məqsəd və məramından danışdı. Qeyd etdi ki, fəaliyyəti ərzində Şura müəllimlərlə sıx əməkdaşlıq edib. Bizim başlıca məqsədimiz odur ki, təhsildə ictimai fikrin formalaşmasına nail olaq. Məktəbin, müəllimin problemlərini öyrənək, təhsil ictimaiyyəti ilə təhsil qurumları arasında körpü rolunu oynayaq. Şübhə yoxdur ki, bu məqsədə nail olmaq üçün müəllimlər Təhsil Şurası ilə sistemli əməkdaşlıq etməli, təkliflər, tövsiyələr hazırlanaraq müvafiq qurumlara təqdim edilməlidir. B.Mikayıllı qeyd etdi ki, biz hər bir müəllimi dinləməyə, məktəblərlə tanış olmağa, onun problemini öyrənməyə hazırıq. Problemin həlli ilk növbədə onun öyrənilməsindən başlanır. B.Mikayıllı qeyd etdi ki, Respublika Təhsil Şurası fəaliyyəti dövründə həyata keçirdiyi forumlarda, konfranslarda təhsilimizin, elmimizin ən aktual problemlərini gündəmə gətirib və onları müəllimlərlə birlikdə müzakirəyə çıxarıb. "Əslində bu, belə də olmalıdır. Çünki məktəbin, müəllimin problemini müəllimdən yaxşı bilən ola bilməz. O problemlərin çıxış yollarını da elə müəllimlər özləri göstərə bilərlər. Odur ki, biz təhsilin istənilən problemini həll etmək üçün ilk növbədə müəllimi dinləməliyik”, - deyə B.Mikayıllı vurğuladı. Qeyd etdi ki, Respublika Təhsil Şurası həmişə olduğu kimi, bu gün də fəaliyyətini məhz bu prinsip üzərində qurmağı nəzərdə tutur. B.Mikayıllı çıxışında Respublika Təhsil Şurasının həyata keçirdiyi layihələrdən və Şuranın dəstəyi ilə Azərbaycanda və dünyada müasir təhsilin problemlərini, nailiyyətlərini özündə əks etdirən kitabların nəşr olunmasından danışdı.

Təsis toplantısında Gədəbəy rayon təhsil şöbəsinin metodisti Elmar Həsənli Respublika Təhsil Şurasının Gədəbəy rayon filialının rəhbəri təyin olundu. Elmar Həsənli qeyd etdi ki, o, uzun illərdir ki, Təhsul Şurası ilə əməkdaşlıq edir. Təşkilatın "Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsi çərçivəsində onun, eləcə də Soyuqbulaq kənd tam orta məktəbin coğrafiya müəllimi Heyrət Vəliyevin qabaqcıl iş təcrübəsi öyrənilərək "Təhsil və zaman” qəzeti vasitəsilə respublikaya yayılıb. Elmar Həsənli vurğuladı ki, Respublika Təhsil Şurasının rayonda filialının yaradılması rayon təhsili üçün əlamətdar hadisədir və bunun rayon təhsili üçün faydalı olacağına şübhə yoxdur.

Təsis toplantısının sonunda iştirakçılar – məktəb direktorları, müəllimlər onları maraqlandıran sualları Təhsil Şurasının rəhbərliyinə ünvanladılar, təkliflər səsləndirdilər. Qərara alındı ki, irəli sürülən təkliflər ümumiləşdirilərək, Təhsil Şurasına təqdim olunsun. Təhsil Şurası da öz növbəsində təkliflərlə müvafiq orqanlar qarşısında çıxış etsin.

 "Təhsil və zaman"



Digər mövzular новости

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry