Dünyada peşə təhsili

  • 22-08-2021, 23:38
  • “Təhsil və zaman” qəzeti
  • 310

Dünyada peşə təhsili

Hal-hazırkı dövrdə informasiya-kommunikasiya texnologiyaları sahəsində müşahidə olunan inkişaf nəticəsində sənayedə yüksək intellektual potensiala malik insan kapitalına ciddi ehtiyac yaranmışdır. Müxtəlif istiqamətlər üzrə əmək bazarında yaranmış ehtiyaclar peşə təhsilinin vacibliyinin artmasına gətirib çıxarmışdır. Peşə təhsilinin ən əsas hədəflərindən biri sənayenin ehtiyacı olan ixtisaslı kadrların yetişdirilməsidir. Peşə təhsili fərdin bacarıqlarının inkişaf etdirilməsində, onun ixtisaslı işçi qüvvəsi vərdişlərini qazanmasında böyük rol oynayır.

"İkili (dual) peşə təhsili modeli”

Dünya ölkələrinə nəzər yetirdikdə, peşə təhsilinə böyük ölçüdə diqqət ayrıldığı, xüsusilə Almaniya, Avstriya və İsveçrədə keyfiyyətli təhsil və təlimin təqdim edildiyini görmək mümkündür. Avropa Birliyinə daxil olan ölkələrdən, xüsusilə Almaniyanın "ikili (dual) peşə təhsil modeli” (iş yüklü peşə təhsili və təlimi modeli) və bu modelin ölkədə peşə təhsili üzrə əldə etdiyi naliyyətlər Hindistan, Çin və Rusiya kimi ölkələrin diqqətini çəkmişdir. Peşə təhsilinin inkişaf etdirilməsi bu gün dövlətlərin təhsil sistemləri qarşısında mühüm vəzifə kimi dayanır. Hindistan, Pakistan, Cənubi Koreya, İspaniya, Yeni Zelandiya, Norveç, Finlandiya, Danimarka, ABŞ və Türkiyədə tətbiq edilməkdə olan peşə təhsili modellərinin müqayisəli təhlili aparılmışdır. Peşə təhsilində daha çox diqqət yetirilməli məqam işverənlərlə peşə təhsili müəssisələri arasında əlaqələrin gücləndirilməsi, təhsil proqramlarının ömürboyu öyrənmə yanaşması nəzərə alınaraq tərtib olunması bu təhsil pilləsində məhsuldarlığın artırılmasına yol açacaqdır.

"Peşə və texniki təhsil daha yaxşı məşğulluq imkanı üçün pasportdur”

Dünyada peşə təhsilinin keyfiyyətini artırmaq, onu daha da cəlbedici formaya gətirmək və iş dünyasına töhfə vermək üçün illər keçdikcə yeni yanaşmalar və qaydalar tətbiq edilir. Bu islahatların potensial nailiyyəti daha optimal tədbirlərin həyata keçirilməsindən asılıdır. Bu baxımdan effektiv liderlik, peşə təhsilində olması lazım olan ən vacib dəyişkliklərdən biridir. Belə bir məqamda Agrawals-ın bir fikrini qeyd etmək istərdik: "Peşə və texniki təhsil daha yaxşı məşğulluq imkanı üçün pasportdur”. Dünyada peşə təhsili "həm orta təhsil, həm də ali təhsil bazasında” təqdim olunur. Lakin təhsil imkanını təmin edən təhsil qurumlarının məqsədində fərqlilik müşahidə olunur. Peşə təhsili universal mənada "məşğulluq üçün peşə ilə əlaqəli bacarıqları təmin edir”. Müasir dövrdə iqtisadi inkişafı təmin etmək üçün peşə təhsili əhəmiyyətli bir vasitəyə çevrilmişdir. Peşə məktəblərindəki nəzəri biliklər əmək bazarındakı "tətbiq və təcrübə” ilə vəhdət təşkil edərək, iş dünyasında, - real həyatda təcrübəli işçilərin mövcudluğunu təmin etməklə yanaşı, eyni zamanda gənclərin əmək bazarına keçməsini də asanlaşdırmışdır. Qeyd olunan vəhdət bir növ "İkili peşə təhsili modeli”ni xatırladır. "İkili peşə təhsili modeli”nə maraq müasir dövrdə daha çoxdur. Təcrübəyə əsaslanan peşə təhsili və təlimi sistemi dünya dövlətləri üçün əhəmiyyətli bir modeldir.

"İkili şagirdlik təlimi”

"Peşə təhsili sistemləri ümumiyyətlə həm ikili, həm də məktəb əsaslı təhsili özündə cəmləşdirən "qarışıq sistemlər”dir. Bu model Almaniyada hazırlanmışdır. Hindistan, Çin, Rusiya və Vyetnam hazırda bu təhsil modelini həyata keçirmək üçün Almaniyanın müvafiq qurumları ilə danışıqlar aparır. Almaniya, Avstriya və İsveçrə də keyfiyyətli peşə təhsili və təliminə malik ölkələrdəndir. Hər üç ölkə "yuxarı orta təhsil səviyyələrində geniş miqyaslı "ikili şagirdlik təlimi” ilə məşğuldur”. "İkili şagirdlik təlimi” bu ölkələrin peşə təhsil sistemlərini digər ölkələrdən fərqləndirir. Bu sistem tədrisin məktəb, müəssisələr, dövlət, işəgötürənlər və biznes nümayəndələri ilə birləşdirilməsini təmin edir ki, bununla da ikili sistemdə təcrübə əsaslı peşə təhsili akademik təhsildən daha vacib rol oynayır. Ölkəmizdə tətbiqi formalı dərslərin fəaliyyətyönümlü və məqsədə xidmət edən formada aparılmadığını qeyd etmək lazımdır. Fərdlərin inkişaf edən texnologiyaya uyğunlaşması və peşəkar xüsusiyyətlərə sahib şəxslərin yetişdirilməsi mexanizmində müəyyən mənada boşluqların olması Azərbaycanın özünün peşə təhsili strategiyasının formalaşdırılmasında ləngimələr yaradır. Peşə və texniki təhsildə modul sistemə keçid və ixtisaslı işçi qüvvəsini təmin etmək üçün tətbiqə daha çox yer verilən təhsilə diqqət yetirmək lazımdır. Təhsil sistemindəki maraqlı tərəflərin sistemlə inteqrasiyasını təmin etmək, iştirakçıların bilik və düşüncələrini bölüşmək, fikir mübadiləsi aparmaq, müəyyən ictimai sahələrdə xüsusi təhsil proqramları hazırlamaqla da peşə təhsilinin keyfiyyətini artırmaq olar. Qeyd olunan ləngimələr nəticəsində məzunlar inkişaf edən texnologiyanın zəruri etdiyi vasitələrin (aparat və proqram təminatı) və təchizatın elementlərini effektiv və məhsuldar formada istifadəsindən və iş etikası ilə əlaqəli bacarıqların qazanılmasından məhrum olur. Peşə təhsili verən müəllimlərin də təkmilləşməsinə zəruri ehtiyac var. Peşə təhsili müəllimləri müasir cəmiyyətdə çox vacib bir mövqeyə malikdirlər. "Onlar, sənayeləşmiş cəmiyyətlə təhsil sistemi arasında əlaqə yaradan təhsil fədailəridir” fikrini əminliklə söyləmək olar. Qeyd olunan problemlərin çıxış yolunu Azərbaycanda peşə təhsili sistemini inkişaf etdirməkdə, dünyanın ən yaxşı peşə təhsili modellərinin öyrənilib müvafiq qaydada tətbiq olunmasında görürük.

Qadir QAFAROV,

Azərbaycan Texniki Universitetinin

"Mühəndis fizikası və Elektronika” kafedrasının müəllimi, Peşə təhsili üzrə

tədqiqatçı, Respublika Təhsil Şurasının üzvü

 Cəmilə ATAKİŞİYEVA,

Sabirabad Peşə Liseyinin müəllimi

 

 


Digər mövzular новости

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry