Xeyirxahlıq missiyası və ya 70 yaşın işığında

  • 23-08-2021, 00:40
  • “Təhsil və zaman” qəzeti
  • 319

Xeyirxahlıq missiyası və ya 70 yaşın işığında

Xeyirxahlıq missiyası və ya 70 yaşın işığında

Ömrünün səkkizinci onilliyinə qədəm qoyan Şahrza Ağayevi, o, Azərbaycan ETPEİ-də işlədiyi vaxtlardan tanıyıram. 1989-cu ilin noyabr ayı idi, bir aydan sonra Azərbaycan Pedaqoji İnstitutunun nəzdindəki Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə etməli idim. Dissertasiya işini aparıcı təşkilat kimi Azərbaycan ETPEİ-yə (indiki Təhsil İnstitutu) göndərmişdilər. Dissertasiya işi rəhmətlik Əjdər müəllimin şöbəsində müzakirə olunmalı idi. Müdafiə Şurasının sədri prof.A.Qurbanovun dissertasiyanın aparıcı təşkilatda müzakirəsi ilə bağlı yazdığı məktubu ümumi şöbəyə, dissertasiya işini isə Pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinə verməli idim. Ümumi şöbənin yerləşdiyi birinci mərtəbənin dəhlizi kifayət qədər geniş idi. Xeyli gənc tədqiqatçı prof.Yəhya Kərimovun (elmi işlər üzrə direktor müavini olan Yəhya müəllimin də kabineti birinci mərtəbədə yerləşirdi) ətrafınatoplanmışdı, o, isə hündürdən SSRİ rəhbərliyinin Azərbaycan xalqının başına açdığı oyunlardan danışırdı. Onda Qərbi Azərbaycandan 200 mindən artıq soydaşımız deportasiya olunmuşdu, şəhərdə tez-tez mitinqlər keçirilirdi. İnstitutun elmi katibi Ənvər Abbasov, elmi işçilər Ramiz Əliyev, Fərrux Həsənov, Akif Abbasov, Ağakişi Əliyev sakitcə Yəhya müəllimə qulaq asırdılar. Onların yanında duran tanımadığım cavan oğlan (sonradan bildim ki, adı Şahrza, soyadı Ağayevdir) Yəhya müəllimin danışığına müdaxilə edir, öz fikrini bildirirdi. Yəhya müəllim məni görən kimi fikrini tamamladı və mənə əl uzadaraq: "Kubalı oğlan xoş gəlib” - dedi. O, bununla mənim Quba rayonunda işləməyimə işarə edirdi. Quba rayonunun Rəngidar kənd 8 illik məktəbində direktor işləyəndə Yəhya müəllim redaktoru olduğu "İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalında iki məqaləmi nəşr etmişdi. Onun "Oxu-2” kitabı haqqında "Azərbaycan müəllimi” qəzetində məqaləm çıxmışdı. Mənim Quba rayonunda məktəb direktoru işlədiyimi eşidən Şahrza müəllim mənə yaxınlaşdı və biztanış olduq. Onun da 10 ildən artıq öz kəndlərində məktəb direktoru işlədiyini öyrəndim. Səhv etmirəmsə o, "Kənd məktəbi problemləri” şöbəsində kiçik elmi işçi vəzifəsində çalışırdı. Sonralar kənd məktəblərinin problemlərini araşdıran Şahrza Ağayev institutun direktoru, tanınmış təhsil təşkilatçısı Zahid Qaralovun rəhbərliyi ilə dissertantura hazırlığı keçdi, peşəkar tədqiqatçı kimi formalaşdı. 1994-cü ildə "Kənd ümumtəhsil məktəblərində şagirdlərin ictimai-faydalı və məhsuldar əməyinin səmərəli təşkili yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsinə layiq görüldü. Az sonra işlədiyi şöbəyə baş elmi işçi və müdirvəzifəsində seçildi. Bir müddətİbtidai təlim şöbəsinə rəhbərlik etdi. 1999-cu ildə ali təhsil müəssisəsinə dəvət olundu. 1999-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun "İbtidai təhsil və məktəbəqədər tərbiyə” kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində işlədi. 2004-cü ildə ona dosent elmi adı verildi. Həmin dövrdə onunla rəsmi və qeyri-rəsmi tədbirlərdə dəfələrlə görüşmüşük. 2003-cü il fevralın 20-dəelmlər doktorluğu dissertasiyası müdafiə edəndə məni ilk təbrik edənlərdən biri də Şahrza müəllim oldu. O, məni sadəcə təbrik etməklə kifayətlənmədi, yağmurlu bir gündə öz maşını ilə prof.Nurəddin Kazımovu Müdafiə Şurasına gətirdi, müdafiədən sonra evinə apardı. Axşam yenə də onun qulluğunda dayandı, evindən götürüb banketə - Binəqədidə yerləşən "Humay” şadlıq evinə gətirdi, sonra isə yenidən evinə apardı. Bu onun dosta sədaqətinin ifadəsi olmaqla yanaşı, həm də ağsaqqala hörmət və ehtiramın ifadəsi idi.

2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya qoşulması ilə əlaqədar olaraq Şahrza müəllim rəhbərlik etdiyim "İbtidai təhsil” fakültəsinin "İbtidai təhsilin pedaqogikası” kafedrasına köçürüldü. Biz bir yerdə işləməyə başladıq. Qısa bir vaxtda sakit təbiəti, işgüzarlığı, səmimiyyəti və xeyirxahlığı ilə fakültənin və kafedranın sevimlisinə çevrildi. Onun haqqında ilk təsəvvürümüz belə oldu: "Zəhmət və xeyirxahlıq” Şahrzanın boyuna biçilib, o, bu dünyaya ancaq xeyirxahlıq üçün gəlib”. Şahrza müəllim dolaşıq adam olmadığından, dolaşıq işləri sevməz,danışanda da aydın və düz danışar. Düzlük təmiz adamın, təmənnasız və xeyirxah adamın yaraşığıdır. Danışanda dilinin altına şəkər qoyar, nə əli, nə dədili ilə heç kimi incitməz. Öz incikliyini elə ustalıqla çatdırar ki, tərəf-müqabili inciməsə də, yaxşıca dərs alar. Şahrza müəllimin yaxşı yol yoldaşlığı var. 2018-ci ildə tale elə gətirdi ki, dostum prof. Yaqub Babayevlə Astara rayonuna getməli olduq. Yolumuz Masallı rayonundan keçirdi. Yay fəsli idi, istirahət günləri olduğundan Şahrza müəllim doğma Mahmudavar kəndində idi. Masallıda olanda onunla görüşdük və Astaraya birlikdə getdik. Onunla birlikdə Astaranın və Lənkəranın görməli və gəzməliyerlərində olduq. O, bizi 1924-cü ildən fəaliyyətə başlayan, zəngin bir xəzinəni xatırladan Lənkəran Tarix-diyarşünaslıq Muzeyinə ziyarətə apardı.10 şöbədən ibarət olan muzeydə müxtəlif dövləri əhatə edən 6560 ədəd tarixi eksponat saxlanılır. Muzeydəki eksponatlar Lənkəranın zəngin tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirir. Şahrza müəllim Lənkəran rayonunda olarkən mənə çox böyük sürpriz etdi. Belə ki, sonuncu dəfə 1988-ci ildə olduğum Cil kəndinə məniqonaq apardı. Ancaq bu Cil kəndi Göyçə mahalının Çəmbərək rayonunda deyil, Lənkəran rayonunun Şağlaser inzibati ərazisində, Cil çayının sahilində, Lənkəran ovalığında yerləşirdi. Kənddəbizimlə həmsöhbət olan Xarxatan kənd orta məktəbinin müəllimi Mirzahir Sultanov "cil” sözünün mənasının"bataqlıq yer", "sucaq yer" olduğunu bildirdi. Aydın oldu ki, kənd öz adını hazırda qurudulmuş eyni adlı göldən alıb. Digər bir məlumata görə, kəndin adı Gilan vilayətindən köçən Cil tayfasının adından götürülmüşdür. Elə bizə də Qərbi Azərbaycanın Cil kənd məktəbində oxuyanda belə izahat vermişdilər. Bizim kəndimizin aşağı tərəfi bütövlükdə "sucaq yer” idi. Həmin yerlərdə cil otu ("torpağın üstünü basan süpürgəvari ot") bitirdi. XII əsrdə əsası qoyulan kəndin türk tayfalarından birinin adını daşıdığını söyləyənlər də var idi. Həmin kənddə olarkən bir məsələ diqqətimi cəlb elədi. Elə bil ki, Lənkəranın Cil kəndində yox, Masallı rayonunun Mahmudavar kəndində idik. Qarşımıza çıxanlar Şahrza müəllimlə çox səmimi görüşür, ondan hal-əhval tuturdular. Demək olar ki, əksər insanlarŞahrza müəllimi bölgənin alim oğlu kimi tanıyır və ona ehtiram göstərirdilər. Bir daha onda yəqin etdim ki, doğrudan da xoş xasiyyətli insanındostu çox, ömrü uzun olar.

Şahrza Ağayev yaxşı dost, peşəkar tədqiqatçı, tələbələrin sevimlisi olan müəllim olmaqla yanaşı, həm də uğurlu insandır. İstedad, zəhmət və xoş niyyət onun həyat uğurunun təməlini təşkil edir. Allaha bağlı insan olduğuna görə ruhu rahatdır, sakitdir, ona görə də səbrli, təmkinli və təqvalıdır. Nəfs istəklərindən çəkindirə biləcək daxili qüvvə onda çox güclüdür. Həzrəti Əli (ə) "təqvanı möhkəm və keçilməz bir qala” hesab edirdi. Bəzi insanlar təqvanı tikanlıqdan keçərkən tikanları bir-bir ətəyini yığıb, çox ehtiyatla addımlayan insanın hərəkətinə oxşadırlar. Şahrza müəllim də həddən artıq ehtiyatlı adamdır, el arasında belələrinə "təmiz suyu üfürə-üfürə içir” - deyirlər. Könlü və gözü tox, böyük günahlardan uzaq adamdır. Allahın verdiyinə - azına, çoxuna, acısına, şirininə şükür edəndir. Ümumiyyətlə, təqvalı olmaq Şahrza müəllimin və onun böyük ailəsinin həyat kredosu, yaşam tərzidir.

Şahrza Ağayev respublikada ali məktəblərin bakalavriat pilləsində texnologiya fənninin tədrisi metodikası sahəsində səmərəli tədqiqatları ilə seçilən, daim axtarışda olan məhsuldar alimdir. Azərbaycan Respublikası Təhsil İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantı olan Şahrza Ağayev "Ümumtəhsil məktəblərində əmək hazırlığının nəzəri və praktik problemləri” mövzusundayazdığı doktorluq dissertasiyasını başa çatdıraraq, Dissertasiya Şurasına təqdim edib. O, ümumtəhsil məktəblərində əmək hazırlığının nəzəri və praktik problemlərini dərindən araşdıran, monoqrafiyalar yazan, bu sahədəki mövcud təcrübəni ümumiləşdirən, qəzet, jurnal səhifələrində və efirlərdə təbliğ edən ustad müəllim, bacarıqlı tədqiqatçı və təbliğatçıdr. Dos.Şahrza Ağayev30-dan çox kitabın, xaricdə və respublikamızın nüfuzlu jurnallarında nəşr olunan 100-dən çox məqalənin müəllifidir. Onun "İbtidai siniflərdə əmək təlimindən nəzəri və praktik biliklərin verilməsi metodikası” (2002), "İbtidai siniflərdə fəal təlimin nəzəri və praktik məsələləri” (2007), "İbtidai siniflərdə əməli işlərin təşkili texnologiyası” (2009), "İbtidai sinif şagirdlərinin əməyə hazırlanması” (2015), "İbtidai siniflərdə şagirdlərin texnologiyadan idrak bacarıqları” (2019) adlı monoqrafiya, dərslik və dərs vəsaitləri pedaqoji elmə dəyərli töhfədir. Onun pedaqogikanın müasir problemlərinə, texnologiya fənninin tədrisinə və qabaqcıl təcrübənin öyrənilməsinə həsr olunmuş 300-dən çox publisistik yazısı nəşr olunmuşdur. Şahrza müəllimin əməyi həmişə işlədiyi kollektiv tərəfindən yüksək qiymət-ləndirilib. Təhsil Nazirliyinin "Fəxri Fərmanı” və "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Dos. Şahrza Ağayevxoşbəxt tədqiqatçı alimdir ki, vaxtı ilə Pedaqoji Akademiya hesab etdiyimiz Təhsil İnstitutunda pedaqoji elmlərin müqtədir tədqiqatçıları ilə bir yerdə işləyib, onlardan elm və helm öyrənib, tədqiqat aparmağın yollarını mənimsəyib. Onların formalaşdırdıqları elmi mühitdə "qol-budaq atıb”, püxtələşib. Tanınmış pedaqoq alimlər Zahid Qaralov, Yəhya Kərimov, Əjdər Ağayev, Əliheydər Həşimov onun insanpərvərliyini, pedaqoji fəaliyyətini yüksək qiymətləndiriblər. Hər yaş insanın hesabat yaşıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının dosenti, pedaqoji elmlər namizədi Şahrza Ağayev ömrünün yeddinci onilliyini şərəflə başa vuraraq, səkkizinci onilliyə keçir: alnı açıq, üzü ağ. Çünki bu illər ərzində qibtə ediləcək dərəcədə sadə və şərəfli bir ömür yaşayıb. Səkkizinci onilliyin mübarək, əziz dostumuz!!!

 Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı,

pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

 



Digər mövzular новости

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry