Nizami Gəncəvi yaradıcılığında tarixi adlar

  • 23-08-2021, 00:50
  • “Təhsil və zaman” qəzeti
  • 157

Nizami Gəncəvi yaradıcılığında tarixi adlar

Nizami Gəncəvi - insani dəyərləri tərənnüm edən, əsrlərdir ki, fəlsəfi fikirləri ilə dünyanı heyran qoyan şair, filosof, dahi alimdir. Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar "Nizami ili” elan olunub. Nizami irsinin öyrənilməsi, onun əsərlərində tərənnüm olunan vətənpərvərlik, insanpərvərlik və digər bəşəri keyfiyyətlərin gənclərimizə aşılanması işində biz müəllimlərin də üzərinə böyük vəzifələr düşür. Nizami Gəncəvi - insani dəyərləri tərənnüm edən, əsrlərdir ki, fəlsəfi fikirləri ilə dünyanı heyran qoyan şair, filosof, dahi alimdir. Nizami Gəncəvi yaradıcılığı bütün elmlər üçün bir açardır. Bu baxımdan Nizami yaradıcılığı geniş tədqiqatlara cəlb olunmalıdır. Nizami yaradıcılığının hər sətri, hər misrası XII əsrin tarixi, ədəbi, fəlsəfi, üslubi-linqvistik, elmi xüsusiyyətlərini özündə əks etdirir. Nizami yaradıcılığında xüsusilə adlar, onomastik vahidlər özündə dərin tarixi məlumatlar daşıyır. Bu baxımdan "Xəmsə”dəki adları, onomastik vahidləri tarixi aspektdən araşdırmaq və oxuculara çatdırmaq lazımdır.

Böyük şair əsərlərində adlara xüsusi diqqətlə yanaşır:

Kim istər yaxşı ad keçirsin ələ,

Gərək bu qapıda olsun bir kölə.

Qoysun yaxşılıqla elə təmiz ad,

Bununla sonunu eləsin abad.

(N. Gəncəvi. "İsgəndərnamə”. Gəncə, 2011, səh.128)

O, obrazları adlandırarkən dərin məna incəliyi ilə yanaşı, onların tarixi köklərini də nəzərə alır. Şair hər hansı obrazın adını elə mənalandırır, ona elə cizgilər həkk edir ki, onu simvolik adlar səviyyəsinə yüksəldə bilir.

"Xəmsə”də istifadə olunan onomastik vahidləri bu şəkildə qruplaşdıra bilərik:

1) şəxs adları - antroponimlər;

2) yer adları - toponimlər;

3) səma cisimlərinin adları - kosmonimlər;

4) su mənbələrinin adları - hidronimlər s.

"Xəmsə”də çox rəngarəng adlara - antroponimlərə rast gəlmək mümkündür. Şəxs adlarını da müxtəlif bölgülər əsasında qruplaşdırmaq olar.Aydın Paşayev "Nizami Gəncəvinin poetik adlar aləmi” əsərində antroponimlərin bölgüsünü bu şəkildə vermişdir:

1) tarixi şəxsiyyətlərin adları;

2) dini, əfsanəvi obrazların adları;

3) apelyativ obrazların adları;

4) alleqorik obrazların adları;

5) mifoloji obrazların adları.

Mən bu tədqiqatımda adlara tarixi baxımdan fikirlərimi bildirmək istəyirəm. Əvvəla qeyd etmək istəyirəm ki, Nizami Gəncəvi tarixi adlardan iki şəkildə istifadə etmişdir:

a) mədhiyyələrdə (Burada tarixdə yaşamış, əsərin həsr olunduğu şəxsiyyətlərin tərifi verilir. Nümunə olaraq Qızıl Arslan, Məhəmməd Cahan Pəhləvan və başqalarının adlarını çəkə bilərik);

b) bədii obrazlardakı tarixi adlar (Burada Nizamı tarixi şəxsiyyətləri, hökmdarları öz təxəyyülünə uyğun şəkildə dəyişdirərək bədiiləşdirmişdir, məsələn, Nuşirəvan, Xosrov, Bəhram Gur, Dara və s.)

Tarixi şəxsiyyət olan bu hökmdarların müsbət və mənfi cəhətlərini qeyd etməklə, şair əslində öz müasirləri olan hökmdarlara ibrət dərsi verməyə çalışmışdır. "Sirlər xəzinəsi” poemasında şair Bəhram şahın adını çəkir. Bəhram şah Davudun oğlu olduğu üçün Süleyman şah qədər şöhrət qazanmışdır. Süleyman isə, dini rəvayətlərə görə, qüdrətli peyğəmbər, padşah olmuşdur. Bəhram şah o dövrün siyasi vəziyyəti ilə əlaqədar olaraq, Zaqafqaziya xalqlarının həyatına yaxın olmuşdur. Yəqin ki, şair "Sirlər xəzinəsi” əsərini ona ithaf etməklə şərqdə ən qüdrətli hökmdar kimi tanınan Bəhram şaha mənəvi təsir göstərmək istəmişdir. Şair "Xosrov və Şirin” əsərini Qızıl Arslana həsr etmişdir. Bu əsərin tarixi və yazılma səbəbi haqqında olan hissəsində şair əvvəl Toğrul şahın, sonra isə Qızıl Arslanın adını çəkmişdir:

Şahların şahıdır, vüqarlı, adil

Adı Toğrul şahdır, özü rəhmdil.

Təxtü-taca çatdı, səltənət qurdu,

Arslan şah yerində taxta oturdu.

(N.Gəncəvi."Xosrov və Şirin”. Bakı,"Lider", 2004, səh.42)

Həmin dövrdə "Arslan” və "Toğrul” adlarında çox şəxslər olmuşdur. Burada adı çəkilən Arslan şah "Xosrov və Şirin” əsərinin ithaf olunduğu Qızıl Arslan deyil, Səlcuq hökmdarı sultan Məsudun qardaşı II Toğrulun oğludur.

Nizami Gəncəvi Atabəy Əbu Cəfər Məhəmməd Eldəgizin tərifində Atabəy Cahan Pəhləvandan danışır. "Atabəy” sözü, "ata” və "bəy” sözlərindən yaranmış tituldur. Atabəy (türk. "bəyin atası") titulu -1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumlarına; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarına; 3) Misirdə məmlük sərkərdələrinə verilirdi.Atabəy titulunu daşıyan şəxs ölkənin və ya onun vilayətinin canişini, çox vaxt eyni zamanda kiçik yaşlı varis, yaxud vəfat etmiş hakimin övladları yanında regent, himayədar vəzifələrini yerinə yetirirdi. Bu titul Səlcuqilər dövründə sultanların övladlarını tərbiyə edən türk əmirlərinə verilirdi. Məhəmməd Cahan Pəhləvan sultan III Toğrulun oğlunun atabəyi olduğu üçün ona da bu ləqəb verilmişdi. Tarixi mənbələrdəŞəmsəddin Eldəgiz "Atabəy Eldəgiz” kimi məşhurdur. Şair onun adını bu şəkildə işlətmişdir:

Atabəy Eldəgiz "əlvida” deyə,

Dörd təkbir söylədi yeddi ölkəyə.

(N. Gəncəvi. "Xosrov və Şirin”. Bakı, "Lider”, 2004, səh.49)

Nizami Gəncəvi "Leyli və Məcnun” poemasında "Kitabın yazılmasının səbəbi” hissəsində əvvəlcə Şirvanşahdan bəhs edir. "Şirvanşah” - Şirvan şahlarına verilən ümumi tituldur. Kəsranilər sülaləsindən olan Şirvanşahlar XII əsrdə, Səlcuqlar dövlətinin zəifləməsi ilə əlaqədar olaraq, müstəqil feodal dövlətə çevrilmişdir. Bu sülalə 1027-1382-ci illərdə hakimiyyətdə olmuşdur.

"Axsitanın tərifi” hissəsində Şirvanşah Axsitanla yanaşı Mənüçöhrün də adı çəkilir:

Şahların tacısan, Əbülmüzəffər,

Yeddi məmləkətə sən oldun zivər...

Adın Axsitandır, özün sözbilən,

Bu Bəhram nəsəbli, ülkər üzlü sən,

Məlik Mənüçöhrün sədəf dürrüsən.

(N. Gəncəvi. "Leyli və Məcnun”. Bakı, "Adiloğlu", 2011, səh.37)

Burada "Müzəffər” Axsitanın oğlunun, "Mənüçöhr” isə Axsitanın atasının adıdır.

Nizaminin "İqbalnamə” əsəri isə Mosul hakimi İzzəddin Məsuda həsr olunmuşdur. "Padşahın tərifi” hissəsində şair onu belə mədh edir:

Vurubsan qızıla şah sikkəsini,

Xütbə ver, vüqarla ucalt səsini.

O elə şahdır ki, dövründə kim var,

Onun şöhrətilə edər iftixar.

Ucadır, igiddir hər hökmdardan

Məlik Nüsrətəddin, o şanlı sultan!

Zəkada o, Mosul hökmdarıdır,

Mərdlikdə şahların Qədərxanıdır.

(N. Gəncəvi. "İqbalnamə”. Bakı, "Lider”, 2004, səh. 32)

Nizami Gəncəvini etnoqraf kimi də səciyyələndirmək olar. Şair "İskəndərnamə” əsərində İskəndərin fəth etdiyi ərazilərdə yaşayan xalqları obrazlı dillə təsvir etmiş, onların adət-ənənələrindən söz açmış, bir sıra tarixi faktları ortaya qoymuşdur. "Şərəfnamə”də 25-ə qədər etnonim - yunan, rumlu, alman, rus, qıpçaq, hindli, türk, tamğaçlı və s. adlar verilmişdir. Qıpçaqlardan bəhs edərkən, burada qadınların əvvəllər örtüksüz olması, qıpçaqlarda örtüyün Bəlinasın tədbiri ilə adət olması təsvir edilir. Şair ruslardan və onların sərkərdəsi Qıntaldan danışarkən "yeddi rus soyundan tərpətdi ordu” deyərək, - o dövrdə Rusiyanın yeddi vilayətə bölündüyünü, Orta Asiya xalqlarından olan tamğaçlılarda qaşları kaman kimi düzəltməyin adət olduğunu vurğulamışdır. Şair türklərdən söz açarkən onları belə tərənnüm edirdi:

Xəzər dağından Çin suyuna qədər,

Türklərlə doludur bütün bu yerlər.

Bilirəm, rumları sevməyir bir türk,

Rumlara kinləri rusdan da böyük.

Türklərin oxuyla yenə bu zaman,

Qabar əskik olmaz rus ayağından.

(N. Gəncəvi. "İsgəndərnamə”. Gəncə, 2011, səh.173)

Nizami türklərin yaşayış məskənlərini də bir tarixçi-etnoqraf kimi təsvir etmiş, onların cəsur, döyüşkən xalq olduğunu qeyd etmişdir. Bütün bunları araşdırdıqca bir daha əmin oluruq ki, Nizaminin əsərləri öz elmiliyi, möhtəşəmliyi ilə əsrlərlə çox sirlərin üzərinə işıq saçacaqdır.

 

Ülkər SÜLEYMANOVA,

İsmayıllı şəhəri, N.Behdiyev adına 6 nömrəli tam

orta məktəbin tarix müəllimi.



Digər mövzular новости

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry