Azərbaycanda pedaqoji fikrin qaynaqları çox qədimlərə gedib çıxsa da, elmi pedaqogikanın təşəkkülü və inkişafı XX yüzilliyin 20-ci illərindən başlayır. Bu illərdə Xəlil Fikrət, Mikayıl Rəhimli, Saleh Xəlilov, Seyfulla Şamilov və digər pedaqoqlar Azərbaycanda elmi pedaqogikanın formalaşmasına xüsusi xidmətlər göstərmiş, Mehdi Mehdizadə, Əhməd Seyidov, Mərdan Muradxanov, Hüseyn Əhmədov, Yusif Talıbov, Nurəddin Kazımov, Əjdər Ağayev, Oruc Həsənli və b. pedaqogika elminə qiymətli əsərlər bəxş etmişlər. Bununla yanaşı, bu kimi söz sahibləri bu gün Azərbaycanda pedaqogika elminin aparıcı qüvvələri və sükançıları olan bir çox görkəmli alimlərin yetişməsində əvəzsiz xidmətlər göstərmişlər.
Elm inkişaf etdikcə yeni paradiqmalar, konsepsiyalar, innovasiyalar, investisiyalar, dövlət standartları, alternativ tədris planları və yeni tipli məktəblər yaranır. Təlim prosesinin intensiv və ekstensiv yolla təkmilləşdirilməsi təlim keyfiyyətinin yüksəldilməsində vasitəçi rol oynayır. Bu baxımdan Şahin Tağıyevin, Mirzə Abbas Ənvər oğlu Abbaszadənin və Mehdi Mirzə Abbas oğlu Abbaszadənin "Böyük maarifçi Mirzə Abbas Ələkbər oğlu Abbaszadənin pedaqoji görüşləri” adlı müştərək ərsəyə gətirdikləri monoqrafiya maraq doğurur, elmi-nəzəri və praktik əhəmiyyəti ilə seçilir. Böyük maarifçi Mirzə Abbas Ələkbər oğlu Abbaszadənin ictimai, ideya-siyasi görüşləri və həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti dövründə pedaqoji və ictimai fəaliyyəti, ana dilinin tərəqqisi uğrunda mübarizədə onun rolu və fəaliyyəti, məktəbin demokratik əsaslarla qurulması uğrunda irəli sürdüyü ideyalar, müəllim kadrları hazırlığı, müəllimlik fəaliyyətləri, həmçinin müəllimin şəxsiyyəti ilə bağlı fikirləri və düşüncələri, folklor nümunələrindən istifadənin əhəmiyyəti, təsviri, təşəkkülü və inkişafı, "Birinci kitab. Əlifba”, "İkinci kitab. Qiraət”, "Şəriət dərsi” kimi dərsliklərində mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırış, yaradıcılığında xalqa, vətənə, ailəyə və əməyə münasibət məsələlərinin çox böyük aktuallıq kəsb etdiyini zəngin mənbələr, tarixi qaynaqlar, faktlar və dəlillərlə əsas-landıran müəlliflər mövzunun tarixşünaslığına geniş yer ayırır, qarşıya qoyduğu məqsədə uyğun olaraq işçi fərziyyə müəyyənləşdirir, vəzifələri, metodları, nəzəri və praktik əhəmiyyəti səciyyələndirir və daha sonra müddəaları şərh edirlər. Təqdim olunan müddəalar elmi istiqamətinə, ümumiləşdirmə səviyyəsinə və inandırıcılığına görə diqqəti cəlb edir. Monoqrafiya 3 fəsil, 11 yarımfəsil, nəticə, elmi məqalələr və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyanın birinci fəslində Abbaszadənin həyatını və pedaqoji fəaliyyətini öyrənirik. Həmçinin pedaqoji fikrin yaranması və inkişafı uğrunda aparılan mübarizədə tədqiqatçılar tərəfindən onun rolu müəyyənləşdirilmiş, problemlə bağlı mövcud elmi-metodik ədəbiyyat araşdırılmış, müqayisəli təhlillər aparılmış, elmi ədəbiyyata tənqidi münasibət bildirilmişdir. Qeyd olunur ki, 1894-cü ildən müəllimlik fəaliyyətinə başlayan Mirzə Abbas tədris proqramları və dərs kitabları tapılmadığından çətinliklərlə üzləşməli olmuşdur. Bu çətinlikləri aradan qaldırmaq üçün 1900-cü ildə "Əlifba”, 1901-ci ildə isə "Şəriət dərsi” adlı kitablar hazırlayıb əlyazma şəkilində çap etdirmişdir. Bu fəsildə həmmüəlliflər Abbaszadənin məktəbin və milli mətbuatın inkişafındakı fəaliyyətini müəyyənləşdirmiş, Azərbay-can dilində mətbuatın yaranmasını şərtləndirən ictimai-mədəni şəraiti səciyyələndirmiş, "Kəşkül”, "Fikir”, "Həyat”, "İrşad”, "Füyuzat”, "Dəbistan”, "Rəhbər” və "Molla Nəsrəddin” adı ilə nəşr olunan mətbuat orqanlarında təhsil-tərbiyə məsələlərinin qısa xülasəsini vermiş, Azərbaycanda demokratik maarifçi ideyaların inkişafında oynadığı rol ümumiləşdirilmiş, məktəb və maarifin inkişafındakı xidmətləri, bu sahədə mürtəce qüvvələrlə mübarizəsi təhlilə cəlb edilmişdir.
Monoqrafiyanın ikinci fəsli "Mirzə Abbas Abbaszadənin elmi-pedaqoji və metodik fəaliyyəti, ana dilində və yeni üsullu dərsliklərin və tədris vəsaitləri yaradılmasında rolu” adlanır. XX əsrin əvvəllərində xalqın elmə, maarifə həvəsində bir canlanma müşayiət olunurdu. Mətbuat orqanlarının sayı durmadan artırdı. Oxucular yeni-yeni əsərlər gözləyirdi. Belə bir dövrdə yeni-yeni ideyaları xalqa vaxtında çatdırmaq vacib idi. Bunun üçün də kiçik həcmli əsərlərə ehtiyac artmışdı. Bununla belə, bu əsərlər günün ehtiyacı ilə yarandığından, bəzən şeir və ya satirik şeir, təmsil, felyeton və ya publisistik səciyyəli olurdu. Əsəri oxuyan zaman görürük ki, belə zəruri ehtiyacı doldurmağa cəhd edənlərdən biri də Mirzə Abbas Abbaszadədir. XX əsrin əvvəlləri Azərbaycan ictimai fikir tarixində yeni mərhələdir. XX əsrin əvvəlləri həm də ədəbi-pedaqoji görüşlərin mübarizəsi ilə diqqəti cəlb edir. Yeni dövr pedaqoji fikir mübadiləsinə böyük bir ehtiyac yaratmışdı. Göründüyü kimi, mübahisəyə, müzakirəyə səbəb olan məsələlər çox idi. Bu kimi məsələlər Abbas Abbaszadəni düşündürmüş və maraqlandırmışdır. Monoqrafiyada oxuyuruq ki, Abbas Abbaszadə elmi-pedaqoji və metodik fəaliyyəti, ana dilində və yeni üsullu dərsliklərin və tədris vəsaitlərinin yaradılmasında çox maraqlı fikirlər söyləmişdir. Pedaqoq əsərlərində zamanın çox vacib məsələlərini işıqlandırmış, dərslikləri isə xalqın siyasi şüurunu oyadan bir vasitə kimi qiymətləndirmiş, tədris vəsaitlərinin yaradılmasını bütün müsəlman aləmini bürümüş qəflət və nadanlığa, mövhumatçılıq və elmsizliyə qarşı atəş açan yenilik nümunəsi kimi təqdir etmişdir. Rast gəldiyimiz bu kimi təhlillər onu göstərir ki, müəlliflər bu fəsildə yalnız öz fikir və görüşlərini deyil, düşüncələri müqayisəli təhlillər əsasında aparmış, ümumiləşdirmiş, qruplaşdırmış, düzgün diaqnostlaşdırma həyata keçirmişlər.
Monoqrafiyada qeyd olunur ki, hər bir xalqın müəyyənliyi, özünəməxsusluğu onun dili ilə öz əksini tapır. Bu mənada hər bir kəs öz ana dilinin saflığı uğrunda mübarizə aparmağı özünə borc bilməlidir. Xalqın yaşaması və mövcud olmasında əsas amil olan dili hər bir xalq ana südü kimi sevməli, onu yad təsirlərdən mühafizə etməyə, qoruyub saxlamağa çalışmalıdır. II fəslin əhəmiyyətli cəhətlərindən biri də odur ki, böyük demokrat Abbas Abbaszadə də ana dilinin tədrisi uğrunda apardığı mübarizədə millətə milli mənlik şüuru aşılamaq, mənəvi dirilik dərsi keçmək üçün təlimin ana dilində aparılması ideyasını geniş surətdə təbliğ etmiş, ana dilinin tədrisini bütün təlim işinin mərkəzinə qoymuşdur. Tədqiqatçıların araşdırmalarından aydın olur ki, Abbas Abbaszadə məktəblərin demokratik əsaslar üzərində qurulması yollarını da axtarmış və bu problem ətrafında aparılan mübarizələrin əsas məqsədini - gənclərin təlim-tərbiyə işlərini yaxşılaşdırmaqda, köhnə molla məktəblərini yeni üsullu məktəblərlə əvəz etməkdə, təlim üsullarını, onun məzmununu dəyişdirməkdə, əhalinin savadlanmasına kömək etməkdə, bədən cəzasını məktəblərdə qadağan etməkdə və s. məsələlərdə görmüşdür. Tədqiqatçılar monoqrafiyada belə bir fikri tez-tez vurğulayırlar: Xalqın mədəniyyətinin inkişafını, şüurunun oyanmasını, müasir tədris ocaqlarının yaradılmasını və burada dərs deyən əsl xalq müəllimlərinin hazırlanmasını Mirzə Abbas Abbaszadənin təkidlə tələb etməsi monoqrafiyada təhlilə cəlb olunaraq öz əksini tapmışdır.
"Mirzə Abbas Abbaszadənin dərslik və qiraət kitablarında folklor nümunələri” adlanan üçüncü fəsildə folklor nümunələrinin mövqeyi, uşaqların milli ruhda təhsili, uşaq ədəbiyyatının təşəkkülü və inkişafı məsələlərinə toxunan müəlliflər qeyd edirlər ki, M.Abbaszadə gənc nəslin tərbiyəsi, əxlaqı məsələlərinə həmişə ictimai və mədəni inkişaf baxımından yanaşmışdır. Ümumən, bu fəsil elmi-nəzəri və metodik baxımdan çox yaxşı səviyyədə işlənilmişdir və yüksək qiymətə layiqdir. Qeyd olunur ki, Abbaszadə öz dərsliklərində, qiraət kitablarında folklor nümunələrindən yerli-yerində istifadə etmişdir. Təkcə əlifba və ondan sonrakı oxu kitabına 20-yə yaxın atalar sözü, zərb-məsəl, tapmaca daxil etmişdir. Tapmacalara yer vermə səbəbinin izahında oxuyuruq ki, tapmaca adamın zehnini qidalandırır, təfəkkürünü inkişaf etdirir, cisim və hadisələrin əlamət və keyfiyyətlərini müqayisə etməyi və bir-birindən fərqləndirməyi öyrədir, ətraf aləmdə bilik və təsəvvürləri genişləndirir. Bununla yanaşı, qeyd edilir ki, Mirzə Abbas Abbaszadə Azərbaycan xalq pedaqogikası nümunələrində köhnə, çürük təlim-tərbiyə üsullarını tənqid etmiş, uşaqların, gənc nəslin mütərəqqi üsullar əsasında tərbiyələndirilməsinə çalışmışdır. Uşaqları vətənə, xalqın adət-ənənələrinə və ya milli dəyərlərə məhəbbət ruhunda böyütmək, onlara mədəni vərdişlər, müsbət əxlaq normaları aşılamaq Mirzə Abbasın ən böyük və nəcib arzularından biri olduğu vurğulanır. Monoqrafiyada təlim prosesində şagirdlərdə folklor nümunələrindən istifadə etməklə əxlaqi biliklərin əxlaqi əqidəyə çevrilməsi, əqidə sisteminin yaradılması, sabit əxlaqi hisslər, əxlaqi keyfiyyətlər, əxlaqi adətlərin formalaşdırılması ilə bağlı diqqəti cəlb edən maraqlı nəzəri fikirlər, elmi ümumiləşdirmələr, zəngin təcrübi materiallar da vardır.
Monoqrafiyadakı təlim-tərbiyə haqqında fikir və görüşlərdən belə qənaətə gəlinir ki, müəllim xalq yolunda fədakarlıqla çalışmalıdır, şagird şəxsiyyətini formalaşdırmaq üçün dərsdə bütün didaktik prinsip və qaydalar optimal nisbətdə həyata keçirilməlidir, şagirdlərin maraq, meyl, qabiliyyətləri və tələbatları nəzərə alınmaqla onların idraki fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır, şagirdlərin nail olduqları inkişaf səviyyəsinə istinad edilməlidir və nəhayət, hər bir dərs diqqətlə diaqnozlaşdırılmalı, proqnozlaşdırılmalı, layihələndirilməli və planlaşdırılmalıdır. Şagirdlərdə hər bir dərsin tədrisi zamanı dərsin tərbiyəedici imkanları, nail olunacaq real tərbiyə məqsədləri müəyyənləşdirilməlidir. Milli və dünyəvi bilik verən dərsliklərin məqsəd və məzmunundan irəli gələn tərbiyə vəzifələri qoyulmalı və bu, şagird şəxsiyyətini formalaşdırmaqla üzvi surətdə əlaqələndirilməlidir.
Müəlliflərin gəldiyi elmi qənaətlərlə biz də şərikik ki, fənlə bağlı keçirilən hər bir dərs tərbiyəedici, təhsilverici və inkişafetdirici funksiyaları yerinə yetirməlidir. Ancaq belə olan halda şagirdlərdə məktəbə rəğbət oyatmaq, müəllim-şagird münasibətlərini formalaşdırmaq olar. Unutmaq olmaz ki, təlim, tərbiyə və inkişaf arasında üzvi əlaqə var və onlar bir-birinə qarşılıqlı təsir göstərir. Orta əsr Şərq təsəvvürlərinə görə, tərbiyə verməyən bilik odunsuz ocağa bənzəyir, bilik verməyən tərbiyə isə bədənsiz ruha oxşayır. Fəsildə inandırıcı arqumentlərlə sübut olunur ki, Mirzə Abbas Abbaszadənin yaradıcılığında məktəb və maarif, tərbiyə məsələlərinin tədqiqinə hələ də zəruri ehtiyac vardır.
Kamal CAMALOV,
Pedaqogika üzrə elmlər doktoru, Azərbaycan
Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü