Dolğun və mənalı ömür yolu

  • 23-08-2021, 01:04
  • “Təhsil və zaman” qəzeti
  • 374

Azərbaycanda maarifin, elmin, milli mədəniyyətin təşəkkülü və hərtərəfli    inkişafında, yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında 100 il şərəfli  inkişaf yolu keçmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin xüsusi    xidmətləri vardır. Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan elmini  zirvələrə qaldıran və onun mədəni həyatında fəal iştirak edən yüzlərlə    görkəmli alim, şair, yazıçı, ictimai-siyasi xadim yetişdirmiş, onlara xalqımıza,  elmimizə, mədəniyyətimizə xidmət edən ləyaqətli ziyalı vəsiqəsi  vermişdir. Universitetin keçmiş Sovet İttifaqı, ümumdünya, ölkə səviyyəsində  şöhrət tapmasında filologiya, tarix, riyaziyyat, kimya, biologiya, fizika,  pedaqogika, psixologiya fakültələri ilə yanaşı, ibtidai təhsil fakültəsinin də xüsusi yeri və rolu olmuşdur. "İbtidai təhsil” fakültəsi universitetin ən böyük fakültələrindən biridir. Bu fakültə 1958-1959-cu tədris ilindən etibarən "ibtidai təhsilin pedaqogikası və metodikası” adı altında fəaliyyətə başlamışdır. Fakültənin yaradılmasında əsas məqsəd həm Azərbaycanda, həm də o dövrdə Ermənistan və Gürcüstan respublikalarında fəaliyyət göstərən Azərbaycan məktəblərini ali təhsilli ibtidai sinifmüəllimləri ilə təmin etməkdən ibarət idi. Həmin dövrdən bu vaxta qədər fakültənin məzunları arasında görkəmli elm və mədəniyyət xadimləri, elmlər doktorları, professorlar, elmlər namizədləri, dosentlər, şairlər, yazıçılar, tanınmış musiqi xadimləri və b. yetişmişdir. Fakültənin onlarla yetirməsi "Əməkdar müəllim”, "Qabaqcıl maarif işçisi”, "İlin müəllimi” fəxri adlarına və Prezident təqaüdünə layiq görülmüş, "Tərəqqi” medalı ilə təltif olunmuşlar. Yeni yaradılmış fakültənin ilk dekanı, qısa bir müddətdə fəaliyyət göstərmiş, səbrli, təmkinli, gözəl insan, savadlı psixoloq, dosent Şövqi Ağayev olmuşdur. Sonra isə fakültə dekanı vəzifəsinə pedaqoji elmlər namizədi, dosent İsfəndiyar Vəlixanlı seçilmişdir. ADPU-nun 100 illik tarixinə nəzər saldıqda, onu da qeyd etmək lazımdır ki, təhsilimizin yüksək səviyyədə inkişafında danılmaz xidmətləri olan insanlardan biri də İsfəndiyar İskəndər oğlu Vəlixanlı olmuşdur. İnstitutda nüfuzlu şəxsiyyət kimi tanınan İ.Vəlixanlı fakültəyə 10 il rəhbərlik etmiş, burada zəngin ənənələrin yaranmasına nail olmuşdur.

Mən 1963-1966-cı illərdə, Qazaxıstanın Qızıl Orda vilayətinin Leninsk şəhərində, kosmodromda SSRİ kosmonavtikasının banilərindən biri, kosmonavtların uçuş mərkəzinin aparıcı siması, Dövlət komissiyasının sədri, akademik S. Korolyovun məsləhətçisi, "sağ əli” olan, Azərbaycanın fəxri, general Kərim Kərimovun rəhbərliyi altında əsgəri xidmətdə olmuşam. Biz onun ancaq səsini eşidirdik. Hesabatları pərdə arxasından qəbul edirdi. Hərbi xidmətimi başa vurduqdan sonra təhsilimi pedaqogika fakültəsində davam etdirdim. Orduda xidmət etdiyimi, yaxşı oxuduğumu nəzərə alan İ.Vəlixanlı mənim fakültə komsomol təşkilatının katibi, fakültə partiya bürosunun üzvü, fakültə sovetinin üzvlüyünə seçilməyimi təklif etdi. 1966-1970-ci illlərdə, bu ictimai vəzifələrdə çalışdığım dövrlərdə onun olduqca ciddi, bacarıqlı, işgüzar və təşkilatçı bir ziyalı, sözün həqiqi mənasında, əsl pedaqoq olduğunun şahidi oldum.

İsfəndiyar Vəlixanlı 1909-cu ildə, Azərbaycanın füsunkar bir güşəsi olan Şuşa şəhərində anadan olmuşdur. Ömrünün 47 ilindən çoxunu təlim-tərbiyə işinə həsr etmiş İ.Vəlixanlı şərəfli həyat yolu keçmiş, bu yolda ibtidai sinif müəllimi vəzifəsindən Xalq Maarif Komissarlığının inspektoru vəzifəsinə qədər yüksəlmişdir. İ.Vəlixanlı ibtidai təhsilini Şuşada aldıqdan sonra - 1921-ci ildə, ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür. O, 77 nömrəli məktəbi bitirdikdən sonra 18 nömrəli pedaqoji təmayüllü məktəbə daxil olur. Bu məktəbdə ona məşhur pedaqoq Soltanməcid Qənizadə, görkəmli pedaqoqlardan Acalbəy Səmədov, Ağabəy İsrafilbəyli, Əlibəy Qasımzadə dərs demişlər. O, bu məktəbi 1928-ci ildə müvəffəqiyyətlə bitirərək, böyük şövq və həvəslə Nuxanın Qudula ibtidai məktəbində pedaqoji fəaliyyətə başlayır. Onun buradakı fəaliyyəti Azərbaycanda sinfi mübarizənin kəskinləşdiyi bir dövrə təsadüf edir. Həmin dövrdə Nuxa-Zaqatala regionunda qolçomaqlar kolxoz quruluşuna qarşı kəskin mübarizə aparır, hətta silaha əl ataraq, kənd qabaqcıllarına, müəllimlərə hücumlar edirdilər. Belə bir çətin şəraitdə fəaliyyət göstərən İ.Vəlixanlı ali təhsil almaq üçün 1930-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna göndərilir. 1933-cü ildə həmin institutun fizika-riyaziyyat fakültəsini bitirib, yenidən kəndə qayıdır. 1946-cı ilə kimi Azərbaycanın müxtəlif rayonlarında pedaqoji fəaliyyətlə məşğul olur. İ. Vəlixanlının bu dövrdəki fəaliyyətini izləyərkən onun Kürdəmirdə müəllim, Əli Bayramlıda (Şirvanda) PXMŞ-nin inspektoru, Xaçmazda məktəb direktoru, Saatlıda müəllim və inspektor vəzifələrində fəaliyyət göstərdiyini görürük. O, Xalq Maarif Komissarlığında inspektor vəzifəsində də çalışmışdır.

1946-cı ildə Azərbaycan ETPEİ-nin (indiki Azərbaycan Respublikası Təhsil İnstitutu) aspiranturasına qəbul olunmuş, 1949-cu ildə onu bitirdikdən sonra həyatını V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu ilə (indiki ADPU) bağlamışdır. Əvvəl pedaqogika kafedrasında laborant, 1950-ci ildən müəllim, sonra isə baş müəllim vəzifəsində çalışmışdır. 1956-cı ildə prof. M. Muradxanovun rəhbərliyi ilə "Orta məktəbin V-VII siniflərində ev tapşırıqlarının verilməsi və yoxlanılması metodikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsini almış və dosent vəzifəsinə təyin olunmuşdur. 1959-cu ildə yeni təşkil olunmuş "İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinin dekanı vəzifəsinə irəli çəkilərək, 1969-cu ilə kimi bu vəzifədə müvəffəqiyyətlə fəaliyyət göstərmişdir. İ.Vəlixanlı 1975-ci ildə vəfat etmişdir. İ.Vəlixanlı böyük təşkilati və pedaqoji işlə yanaşı, elmi işlə də ciddi məşğul olmuşdur. Onun "Ev tapşırıqlarının verilməsi və yoxlanılması” adlı monoqrafiyası uzun müddətli tədqiqatların və müəllimlərlə aparılan böyük təcrübi-metodik işin nəticəsidir. Bu kitabda müəllif ev tapşırıqlarının verilməsi və yoxlanılmasını geniş nəzəri əsaslarda işləmiş, hər bir metodik müddəanı qabaqcıl müəllimlərin təcrübəsində sınaqdan çıxararaq, ümumiləşdirib irəli sürmüşdü. Məktəb təcrübəsini yaxşı bilməsi onun digər əsərlərində - "Sinif rəhbərinin işi”, "Şagirdlərdə doğruçuluq və düzlük tərbiyəsi” kitab və məqalələrində özünü göstərir. İ.Vəlixanlı 10 kitab və kitabçanın, 25 elmi məqalənin və 138 publisistik yazının müəllifidir. Onun pedaqoji institutların tələbələri üçün tədris vəsaitləri hazırlanmasında iştirakını xüsusilə qeyd etmək lazımdır. O, iki dəfə (1958-1959 və 1964-cü illərdə) nəşr olunmuş "Pedaqogika” tədris vəsaitinin müəlliflərindən biridir. O, uzun illər Azərbaycan SSR Maarif Nazirliyinin təlim-metodik komissiyasının ibtidai təhsil bölməsinin rəhbəri olmuş, ibtidai siniflər üçün dərsliklərin və müəllimlər üçün metodik vəsaitlərin hazırlanmasında, nəşrində yaxından iştirak etmişdir. İ.Vəlixanlının dolğun və mənalı ömür yolu müasir gənclərimiz üçün bir örnəkdir.

 

Zaman MƏMMƏDOV,

ADPU-nun müəllimi,

Azərbaycan Respublikasının Əməkdar müəllimi



Digər mövzular новости

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry