Neftçala şəhər E.Həbibov adına 4 №li tam orta məktəb rayonun qabaqcıl təhsil müəssisələrindəndir. Məktəbin fəaliyyəti ilə tanış olduqda, bunu aydın görmək mümkündür. Hal-hazırda məktəbdə 858 şagird təhsil alır. Məktəbin direktoru Şəfəq Balaşova qeyd edir ki, 2020-2021-ci tədris ili Neftçala şəhər 4 №li tam orta məktəb üçün uğurlu keçib. Məktəbdə 2 məktəbəhazırlıq qrupu var və orada 50 şagird ilkin bacarıq və vərdişlərə yiyələnir. I-IV siniflərdə 286, V-IX siniflərdə 391, X-XI siniflərdə 131 şagird təhsil alır. Məktəbdə X və XI siniflər üçün təmayül siniflər açılıb. Xa sinfi-Humanitar və Riyaziyyat, İqtisadiyyat, Xb-Texniki fənlər, XIa -Humanitar və Riyaziyyat, İqtisadiyyat, XIb Texniki və Təbiət təmayüllü siniflərdir. Həmin siniflərdə yüksək bilik və bacarıqları olan şagirdlər təhsil alır. Məktəbin müəllim və şagirdləri mütəmadi olaraq şəhid ailələrini ziyarət edirlər. Müharibə iştirakçıları, qazilərlərlə təşkil olunan görüşlər şagirdlərin mənəvi tərbiyəsində önəmli rol oynayır. Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Samid İmanovun məzarının, şəhid Pərviz Məmmədlinin ailəsinin ziyarət olunması, Vətən Müharibəsi iştirakçısı Kənan Zeynalovla keçirilən görüş, Vətən Müharibəsi şəhidi Arəstə Baxışovaya həsr edilmiş təşkilat saatı, "Əziz Şuşa, biz qayıtmışıq”, məktəbin adını daşıdığı şəhid Elton Həbibovun anadan olmasının 48-ci ildönümü ilə bağlı keçirilən "Şəhidlər Qürur Mənbəyimizdir" adlı tədbirlər buna misal ola bilər. Pedaqoji kollektivin məqsədi yüksək mənəviyyata malik, intellektli gənclər yetişdirməkdir. İkinci Qarabağ Müharibəsində məktəbin şəhid olmuş məzunları kapitan Samid Əsgərovun, Mirmöhsüm Əhmədovun, Məhəmməd Kərimlinin qəhrəmanlıqları məktəbin şagirdlərinə aşılanır. Şəhid ailələri mütəmadi olaraq kollektiv tərəfindən ziyarət olunur.
Şəfəq Balaşova məktəbin ötən ilki nailiyyətlərinə diqqət yetirərək söyləyir ki, məktəbin şagirdlərinin 2019-2020-ci tədris ilində ali məktəblərə qəbul göstəricisi 73% olub.
Məktəbin Xb texniki təmayüllü sinfinin şagirdi Sadiq Abdulrəhmanlı və XIb texniki təmayüllü sinfin şagirdi Gülsura Əbilova Respublika Fənn Olimpiadalarının final turunda iştirak ediblər. 3 may 2021-ci il tarixində məktəbin VIIb sinif şagirdi Fatimə Yusifova, VIc sinif şagirdi Məsud Abdullayev riyaziyyat, VIIc sinif şagirdi Hüsniyyə Məcidova və VIIc sinif şagirdi Mirfazil Mehdizadə biologiya fənni üzrə Respublika Fənn Müsabiqələrinin rayon mərhələsini keçərək finala yüksəliblər. 7 may 2021-ci il tarixində "Nizami ili” çərçivəsində məktəbin VIII sinif şagirdləri arasında bilik yarışı keçirildi. Pandemiya qaydalarına uyğun olaraq təşkil olunan yarışda 4 komanda iştirak etdi. Məktəbin "Xəmsə” komandası günün qalibi oldu. 6 may 2021-ci il tarixində isə məktəbin VIa sinif şagirdlərinin iştirakı ilə böyük alim Lütfi Zadəyə həsr olunan vebinar keçirildi. Şagirdlər dahi Azərbaycanlı alimin həyatı və elmi fəaliyyəti ilə yaxından tanış oldular. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan "Xalqa bağışlanan ömür” adlı tədbirdə isə şagirdlər ümummilli liderin keçdiyi şərəfli ömür yolunu izləmək imkanı əldə etdilər. Təhsil Nazirliyi tərəfindən keçilərən Lütfi Zadə adına məntiq yarışının rayon turunda məktəbin Va sinif şagirdləri Pəricahan Məmmədova, Malik Ələkbərzadə, Vb sinif şagırdləri Əli Əhmədli, Nadir Abdullazadə, Mirteyyub Qafarlı, Arif Qüdrətli, Vc sinif şagirdi Səccad Məhərrəmli (Səccad Məhərrəmli Lütfi Zadə olimpiadasının respublika turunda 3-cü yerə layiq görülüb.) qalib adına layiq görülüblər. Onu da qeyd edək ki, Lütfi Zadə adına məntiq yarışının rayon üzrə 18 qalibinin 7-si 4 №li məktəbin şagirdləridir. Məktəbin texniki təmayüllü X sinif şagirdi Sadiq Abdulrəhmanlı fizika fənni üzrə Respublika Fənn Olimpiadasında 2-ci yerə çıxıb və gümüş medala layiq görülüb. Xa təmayül sinfinin şagirdi Həsən Balaşov "Pazl” yarışında 4 dəqiqə 52 saniyə ərzində Azərbaycanın inzibati rayonlarını xəritə üzərinə yığaraq 3-cü nəticə göstərib. IXa sinif şagirdi Selcan Əliyeva rəsm, VIIb sinif şagirdi Ayhan Əlizadə musiqi müsabiqələrində məktəbi layiqincə təmsil edirlər. Şəfəq Balaşovanın sözlərinə görə, məktəbin pedaqoji kollektivi şagirdlərlə birgə müxtəlif beynəlxalq layihələrə qoşulurlar. Belə ki, məktəbin şagirdləri eTwinning layihəsi çərçivəsində qatıldıqları "4 SEASONS WİTH STEAM" layihəsində "Vertical garden" tapşırığını yerinə yetiriblər. Beynəlxalq ailə günü ilə bağlı keçirilən esse müsabiqəsində isə şagirdlər mükafata layiq yerlər tutublar. "Çocuk günü” ilə bağlı Türkiyə məktəbləri ilə birlikdə reallaşdırılan layihə də müəllim və şagirdlərin fəal iştirakı ilə keçirilməklə, marağa səbəb olub. Beynəlxalq İnternet Təhlükəsizliyi günü ilə əlaqədar keçirilən yarışda məktəbin VIa sinif şagirdi Məhəmməd Əhədzadə qalib gəlib.
Məktəbin şagirdləri "Əsgərə məktub” layihəsində də həvəslə iştirak ediblər. Bununla yanaşı, Şəfəq Balaşovanın sözlərinə görə, məktəbin "Xarı bülbül” komandası "Xəmsə” intellektual oyunlarının da qalibi oldu. Şəfəq Balaşova qeyd edir ki, məktəbin müəllimləri də respublika və beynəlxalq miqyaslı müxtəlif maraqlı layihələrə qoşulurlar. 2020-2021-ci tədris ilində məktəbin ibtidai sinif müəllimləri və şagirdləri Beynəlxalq eTwinning layihəsini uğurla başa vurduqları üçün sertifikatlarla təltif olundular. İyun ayının 12-də Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən görüşə tədris ilində uğur əldə edən şagirdlər dəvət olunmuşdular. Görüşdə İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Rayon Təhsil Şöbəsinin müdiri Vüqar Dadaşov, məktəb direktorları da iştirak edirdilər. Məktəbin olimpiadalarda qalib olan şagirdləri Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təltif olundular. Şəfəq Balaşova qeyd edir ki, məktəbin şagirdləri 2020-2021-ci tədris ilində Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış imtahanlarında yüksək nəticə göstəriblər. 11-ci sinif şagirdlərindən 11 nəfəri 200-275 arası bal toplaya bilib. 9-culardan isə 19 nəfər şagird 208-280 arası nəticə göstərə bilib. Ümumiyyətlə, Şəfəq Balaşova qeyd edir: Məktəb üzrə virtual məktəb platformasından istifadə edən şagird sayı 840 nəfərdir. Bu göstərici 97%-ə bərabərdir. Müəllimlər isə vitual məktəb platformasında 100 faiz olmaqla iştirak edirlər. Dərslərə müxtəlif səbəblərdən qoşula bilməyən şagirdlərə digər platformalarda onlayn qruplardan dərs və tapşırıqları verirlər. Bununla belə, şagirdlərimiz Təhsil Nazirliyinin yayımladığı onlayn teledərslərə də baxırlar. Məktəbdə 2020-2021-ci dərs ilinin II yarımili üzrə distant formada 10 və 11-ci siniflər üzrə qiymətləndirmənin təşkili zamanı Microsoft Teams ilə yanaşı, Zoom, Whatsapp, Skype və digər elektron tətbiqlərdən istifadə olunmuşdur. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında və həmçinin əyani tədris keçən siniflərdə isə təhsil müəssisəsi tərəfindən şagirdin əyani formada qiymətləndirmədə iştirakı "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər” nəzərə alınaraq təmin olunmuşdur.
Şəfəq Balaşovanın sözlərinə görə, məktəbin 3 nəfər XI sinif şagirdi və 6 nəfər IX sinif şagirdi Təhsil Nazirliyinin xüsusi nümunəli fərqlənmə attestatına layiq görülüb. Yay məktəbi yüksək səviyyədə təşkil olunub. Vb sinif şagirdi Qasid Məmmədli məktəbi rəsm müsabiqələrində uğurla təmsil edib. Pedaqoji kollektivin və şagirdlərin hədəfi daha yüksək yeni nailiyyətlərdir...
"Təhsil və zaman”